Əşrəf Qani Pentaqon rəhbəriylə danışıqlar apardı

22 Mart 2021 03:43 (UTC+04:00)

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani gözlənilmədən Kabilə səfər edən ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıqlar aparıb.

Publika.az xəbər verir ki, bu barədə Əfqanıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər ölkədə zorakılığın eskalasiyasından narahatlıqlarını ifadə ediblər. Qani və Ostin, həmçinin qeyd ediblər ki, Əfqanıstandakı mövcud vəziyyətin əsas həlli yolu uzunmüddətli və ədalətli sülhün bərqərar olmasındadır.

Pentaqon rəhbəri ABŞ-ın bu istiqamətdə Əfqanıstan hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Ostinin Kabilə səfəri rəsmi Vaşinqton və radikal “Taliban” nümayəndələri arasında Dohada imzalanan müqavilənin icrası ilə bağlı fikir ayrılıqları fonunda baş tutub. Müqavilənin əsas məqamlarından biri Amerika qoşunlarının bu ilin 1 mayına qədər ölkədən çıxarılmasıdır.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bu yaxınlarda ABC telekompaniyasına müsahibəsində amerikalıların Əfqanıstandan mayın 1-dək çıxarıla biləcəyini, lakin dəqiq müddət barədə son qərarın qəbul olunmadığını demişdi.

ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi ötən il fevralın 29-da Qətərin paytaxtı Dohada imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır.