Erməni diasporu Almaniya mətbuatını zəhərləyib - Politoloq

30 Mart 2021 17:09 (UTC+04:00)

“ATƏT-in Minsk qrupunun üzvü, eyni zamanda özünü demokratiyanın beşiyi kimi təqdim edən Almaniya Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində xüsusi fəallıq göstərməyib. Eyni zamanda, işğalçı dövlətə qarşı Almaniya tərəfindən hər hansı konkret addım atılmayıb. Bir sözlə, 30 il ərzində Almaniya Qarabağ həqiqətlərinə susdu. Vətən müharibəsində Azərbaycanın qələbəsi ilə barışa bilməyən və ondan sonrakı dörd ay ərzində də susqunluğunu pozmayan Almaniya mətbuatında son dövrlərdə Azərbaycana qarşı bir növ hücumlar müşahidə olunmaqdadır”.

Bu fikirləri Publika.az-a danışan politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Almaniya mətbuatında Azərbaycana qarşı hücumlar artıq qarayaxma kampaniyası mərhələsinə daxil olub, absurd və əsassız iddialar üzərində qurularaq silsilə xarakter alıb: “Belə ki, Almaniya Federativ Respublikası “İctimai Televiziyası”nda yayımlanan tok-şounun efirində aparıcı Markus Lanz Azərbaycanı Qarabağda aparılan əməliyyatlar çərçivəsində bütün ölümcül günahlarda qınayıb.

Əvvəla, məlum məsələdir ki, Almaniyanın özünün Cənubi Qafqazda maraqları var. Bu maraqlara mane olmağa çalışan güclü tərəfləri vurmaq istəyir. Çünki əsas məqsəd Cənubi Qafqazı öz təsiri altına salmaqdır. Bu, Almaniyanın siyasi hədəflərinin bilinən istiqamətləridir. Bizə yaxşı məlum olan digər tərəf də odur ki, erməni diasporu ilan zəhəri kimi dünyanın müxtəlif ölkələrində olan media qurumlarını zəhərləyib ki, onlardan biri də məhz Almaniya mediasıdır. Həmçinin, Almaniya tərəfindən Azərbaycana qarşı aparılan fəal kampaniya Almaniya mətbuatı ilə məhdudlaşmır. Belə ki, Gürcüstanda fəaliyyət göstərən Almaniya institutları da bu kampaniyaya qoşulublar. Bu azmış kimi, Almaniya Azərbaycanın NATO və Avropa İttifaqı ilə əlaqələrinə, Azərbaycanın NATO təlimlərində iştirakına mane olmağa çalışır. Daha bir fakt ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş səfərlərə Almaniyanın ölkəmizdəki səfiri bircə dəfə də olsa qoşulmayıb. Səfir nümayişkaranə şəkildə, xüsusi təlimat əsasında bu səfərlərdən imtina edib”.

Ş.Həsənovanın sözlərinə görə, Azərbaycan regionun siyasi, iqtisadi, hərbi cəhətdən güclü ölkəsidir və Avropanın enerji təminatında mühüm rol oynayır: “Bu isə o deməkdir ki, Azərbaycan dövləti digər dövlətlərlə “Win/Win” prinsipi üzərindən münasibətlər quran dövlətdir. Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib ki, bizim tərəfdaş olduğumuz layihələr qarşılıqlı maraq üzərində qurulub. Yəni bu layihələrdə itirən, uduzan tərəf olmayacaq, hər kəs fayda, gəlir, qazanc əldə edəcək. Bu baxımdan da yaxşı olar ki, Almaniya belə bir etibarlı tərəfdaşla konstruktiv mövqe üzərindən siyasət yürütsün. Eyni zamanda, Almaniya COVID-19-la mübarizədə demək olar ki, uduzması reallığını qəbul edib, bu durumdan çıxış yolları axtarsın, öz daxili məsələlərinə diqqət ayırsın. Onlar ölkələrində tətbiq etdikləri irqçilik, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlük, zorakılıq, islamofobiya, türkofobiya, neofaşist, etnik qətllər, korrupsiya və polis zorakılığı siyasətlərini dayandırsınlar”.

Akqabay Mıradov