“İsa peyğəmbər türkdür” - İsa Muğannanın HEÇ YERDƏ ÇAP OLUNMAYAN SON MÜSAHİBƏSİ

1 Aprel 2021 14:10 (UTC+04:00)

1 aprel Xalq yazıçısı, böyük ədibimiz İsa Muğannanın anım günüdür. Vəfatının 7-ci ili tamam olur. Bu dəfə onunla görüşümüzdən bəhs edəcəyəm. Daha doğrusu, indiyə qədər heç yerdə çap olunmayan, ölümündən bir neçə ay əvvəl baş tutmuş söhbətimizi təqdim etmək istəyirəm.

Onunla ilk görüşümüz Bakının daşnak – bolşeviklərdən azad olunduğu gün – 15 sentyabrda doğma Ağstafadakı evində baş tutmuşdu.

Adıçəkilən günlə bağlı Qazaxda reportaj hazırlayırdım. Müsahibim, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çəklişin ortasında fasilə zamanı Xalq yazıçısı İsa Muğannanın səhhətinin qəfil pisləşməsindən, bununla əlaqədar doğulduğu Ağstafaya gətirilməsindən və son iki gündə səhhətinin yaxşılaşmasından danışdı.

Barat müəllim danışdıqca ağzındakı cümlələrin havasıyla sifət cizgilərim bir neçə saniyənin içində axarını dəyişdi. Çəkilişi bitirər-bitirməz bu tarixi anı əldən vermək istəmədim. Ona hələ tələbəlikdən ürəyimdə quyurcuxan bir-iki sualı ünvanlayıb cavab almaq deyəsən bu günə qismətiymiş.

Elə müsahibimin maşını ilə, Barat müəllim, gənc yazar Taleh Mansur və mən birbaş yollandıq Ağstafaya. İlk dəfə idi ki, müsahibənin haradan başlayıb harada bitdiyini görüşdən sonra da xatırlaya bilmirdim. Heç hansı sualla başladığımı da…

***

Ustad bizi elə qapıda qarşıladı. Ağır-ağır nəfəs alır, əlləri titrəyə-tirəyə ilk olaraq Barat Vüsalla salamlaşır. Ağıryana baş və titrək əl hərəkətləri ilə içəri keçməyimizi istəyir. Danışmaq istəsə də nəfəsinin çatmadığını hiss edirəm. Salamlaşıb xoş-beş etdikdən sonra içəri daxil oluruq.

Oturmaq üçün yer göstərir. Əyləşirik. Halımızı soruşur. Beynimdə tutduğum ilk sualı o bizə ünvanlayır:

- Nətərsiz? Sağ olun ki, unutmursuz…

- Bir xahişim var - söyləyir. Buyurun – deyirik. Müsahibəni ədəbi dildə yox, ləhcədə yazıya köçürməyimizi istəyir. Səbəbini soruşuq, heç nə demir, sadəcə təbəssüm edir...

Biz də Xalq yazıçısının xahişini bu müsahibədə yerə salmayacağıq.

Söhbətə elə ayaq üstə ikən başlayırıq. Söhbətimiz özüm də bilmədən “iynə-sapa” düzülür:

- İsa müəllim, səhhətiniz necədir?

- Sağ ol, oğul. Tanrıya şükür… (bir az dayanır, nəfəs aldıqdan sonra yenə qaldığı yerdən söhbətinə davam edir) itirillər, axtarıllar… Bunnan böyüh səadət olarmı? Elimizin camahatı sağ olsun, həmşə… (qırıq-qırıq nəfəs çəkir) … soruşur, xavar alır.

- Bəs “İdeal”ın müəllifi, “Məhşər”dən necə döndü?

- (Dodaqlarına təbəssüm qonur) 12 gün çox çalışdılar, çox vuruşdular. Sağ olsunnar. Mən inammırdım ki, bizim Ağstafada belə qüvvətdi, savatdı həkimlər ola. Sağ olsunnar, əziyyətimi çox çəhdilər bu neçə gündə.

- İsa müəllim, Sizinlə Bakının işğal olunduğu gündə görüşürük… qəribə təvafüqdür…

- Bakı yox, Tural oğlum, Bağ Od Ey. Mənnən sana amanat; bunu birdəfəlik yadında saxla ki, Muğ elinin bu şəhərinin adı Bağ Od Eydən gəlif. Bağ – Od – bax bu birləşmədə yatır bizim bütün qarannıx tariximiz. Məhəmməd peyğəmbərin də soyu türklərdən gəlir. Bu barədə yazılarımda da demişəm.

(Söhbəti cığırına elə İsa müəllimin özü saldı. İndi böyük yazıçını rahat-rahat qurdalayıb çoxlarının cavab tapmaq istədiyi sualları ard-arda yağdırcağımı düşünürəm).

- İsa müəllim, 80-lərin sonlarından birdən-birə haradan çıxdı bu Odər eli, Muğ tayfası, Muğ bölgəsi, Bağ Od Ey şəhəri? Millətlə bərabər sizindəmi huşunuz təzələndi, yoxsa bu həmin zaman dövrün axarının dəyişdiyini görən İsa Hüseynovun milli ədəbi ideoloq olmaq uzaqgörənliyi idi?

- Sualı bərkdən de… qulağım son müalicədən sonram sözümə yaxşı baxmır. (Sualı bir də təkrar edirəm) Yox bala, mən bunu uzun müddət içimdə gəzdirmişəm. Bunu mən içimdə torpağın altına aparsaydım Muğ Tanrısının böyük xatası olardı.(Gülür).

- İsa Muğana hansı dinə inanır?

- Bir olan haqq dininə… (bir az dayanır). Bizim Tanrımız bizim içimizdədir və hər birimizə siqnalı öz içimizdən göndərir… Mən isə bir neçə dəfə özüm öz istəyimlə onun hüzuruna getmişəm. Lap əvvəllər, cavan vaxtımda getmək arzum olub, amma mümkün olmayıb.

- İsa Hüseynovu hansı qüvvə təhrik etdi ki, əvvəl yazdığı əsərləri yenidən və başqa səpkidə işləsin?

- Məni başa düşmədilər… Mən yenidən işlədim. Çünki, içim belə istədi. O əsərlər o cürə qalseydi, o dünyaya rahat gedəmməzdim. O altı romanı başdan-ayağa ardıjıl oxumuyan onnarı başa düşəmməz.

- Təzə variantda?

- Hə… təzəsini.

- İsa müəllim, “Qəbiristan” əsərində İsa Məsihin türk olduğunu yazırsınız? Doğrudanmı İsa Məsih bizim soydandır? O zaman türklər heç özlərini türk olaraq çağırmırdı axı?

- Həzrəti İsa türkdür, oğul. Adı da EySardır. Buna şübhən olmasın. Sadəcə isəvilər yolnu azıb öz dinərinnən uzaxlaşdıxdan sonram, biz türklərin gücünnən-qüdrətinnən qorxuf “Allahın oğlu” etdilər. Ərəblər İsa deyiflər, qreklər (yunanlar – T.T.) İusus deyiblər, beləcə Sar oğullarından olan EySarın adını təhrif ediblər.

- Yazı masanızın üstündə yeni əlyazmalarınızı görürəm. Yeni olaraq nə üzərində işləyirsiniz?

- “İsahəq və Musahəq”in üstündə bir balajana düzəlişdər etmişəm. Çapa hazırlanır artıq. Bakıya qayıdanda hazır olar yəqin ki... İndi də “Gur ün” adında traktatvari bir şey yazıram. Az qalıb bitirəcəyəm, yaxında onu da… yəqin ki…

- Səhhət yaradıcılığa mane olmur ki?

- (Gülür). Mənim… (dayanır… dərindən nəfəs alıb yenidən başlayır) … səhhətimin yaradıcılığıma dəxli yoxdur. On iki gün ağır dönəm keçirdim. Demək olar ki, işləyə bilmirdim. Amma qələmi yerə də qoya bilmirdim. Daima işləyirəm…

- Gənclərdən kimin qələmini bəyənirsiniz?

- İndiki gənclərə ümidim böyükdür. Şəmil Sadiq var, işıqlı gənclərdəndir. O, təzə bir əsər qələmə alıb. “Odərlər” adında. Ön sözünü də mən yazmışam. Onun gələcəyinə inamım böyükdür. Amma işıqlı gənclərimiz, istedadlılarımız çoxdur. Öz üzərində kim çox işləsə, onlarda alınacaq.

- İsa müəllim, son zamanlar “Yanıq Kərəm” havasına toyda-mağarda şıdırığı gedirlər. Bu Kərəmin ruhuna hörmətsizlik deyilmi? Bu hala Sizin münasibətiniz necədir?

- Əsli-Kərəm də Odərin adınnandı. Odər qədim mədəniyyətlə bağlıdı. Qədim Azərbayjan mədəniyyətinnən. Onu şıdırğı çalanlar, oynuyannar böyük səhv eliyillər. Və sazdan-sözdən uzaq adamlar kimi qiymətdəndirrəm mən onları.

- İsa müəllim fürsətdən istifadə edib, sizi sevənlərə nə müraciət edərdiniz?

- Özlərini qorusunnar. Doğru olsunlar. İşığı görə bilsinlər… (gülümsünərək dayanır)…

- Çox sağ olun İsa müəllim. Allah-Təala da sizə bundan sonra (da) xeyirli ömürlər nəsib etsin. Allah şəfa versin.

- Çox sağ olun. Gəldiyinizə görə sağolun.

P.S. Bu müsahibə mərhum İsa Hüseynovun vəfatından 7 ay öncə yazıya köçürülüb. Yəni, 15 sentyabr 2013-cü ildə...

Söhbətləşdi: Tural Turan