“Aprel döyüşlərindən böyük qələbəyə gedən yollar” - FOTO

4 Aprel 2021 16:48 (UTC+04:00)

Tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərinin beşinci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.

Beş il öncə Ermənistan silahlı qüvvələrinin intensiv təxribatlarına cavab olaraq başlanılan Aprel döyüşlərində qazandığımız qələbə dövlətimizin və ordumuzun qələbəsidir. Xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsidir.

Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir... Biz bu əməliyyatlar nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını uzaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır”.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, “N” hərbi hissəsində keçirilən “Aprel döyüşlərindən böyük qələbəyə gedən yollar” adlı tədbirdə bu barədə daha ətraflı məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Aprel döyüşlərindən sonrakı beş il ərzində ordu quruculuğu sahəsində ardıcıl olaraq aparılan uğurlu islahatlardan, ordunun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, silah və texnikaların modernləşdirilməsi, intensiv keçirilən təlimlərin keyfiyyətinin yüksəldilməsi, peşəkar hərbçi kadrların yetişdirilməsi, dünya ordularının təcrübəsindən səmərəli şəkildə istifadə olunması, şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığının müntəzəm olaraq yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət problemlərinin həlli, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının artırılması və bütün bunların nəticəsində 2018-ci ildə “Günnüt zəfəri”nin qazanılması, 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində düşmən təxribatlarının qarşısının mətinliklə alınması və nəhayət 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə barədə ətraflı danışıb.

Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli gənc zabit Şəmsi Kazımlı çıxış edərək bu gün də Ali Baş Komandanın Azərbaycan uğrunda əmrlərinə hazır olduqlarını bildirib.

Respublikanın Xalq artisti Samir Cəfərov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən Müzəffər Ali Baş Komandana sədaqəti, şəhidlərimizin xatirəsinə ehtiramı, ordu-xalq birliyini və Azərbaycan əsgərinin şücaət və qəhrəmanlıqlarını tərənnüm edən vətənpərvərlik mahnılarının və şeirlərinin ifası ilə tədbirə yekun vurulub.