Dövlət başçılarının görüşündə bu məsələ öz həllini tapa bilər - Açıqlama

5 Aprel 2021 12:50 (UTC+04:00)

Azərbaycan müstəqilliyinin ilk aylarında ona qonşu olan 5 dövlətdən 4-ü ilə diplomatik münasibətlər yaratdı. Onlardan yalnız biri ilə – Ermənistanla diplomatik əlaqələr qurulmadı. Səbəb kimi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi göstərildi.

30 ildən sonra 44 günlük müharibə ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan tam qələbə çaldı və Ermənistan kapitulyasiya aktına imza atdı.

Bir sözlə, iki qonşu dövlət arasında diplomatik münasibətlərin bərpası üçün əngəl ortadan qalxdı. O zaman sual olunur, Bakı ilə İrəvan arasında diplomatik əlaqələr nə zaman qurulacaq? Səfirliklər, konsulluqlar açılacaqmı? Müharibədən sonra tərəflər arasında siyasi əlaqələrin qurulması üçün daha hansı əngəllər qalıb?

Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında deyib ki, həqiqətən də Qarabağ münaqişəsi həll olunub. Məsələ bitib, lakin münaqişənin bir sıra qalıqları hələ də gündəmdədir:

“10 noyabrda imzalanan üçtərəfli bəyanatın bir sıra maddələri hələ də yerinə yetirilməyib. Ermənistan tərəfi hələ də əngəllər törədir. Problemlər yaradır. Kommunikasiyaların bərpası məsələsində, xətlərin açılmasında İrəvan tərəfi bundan açıq şəkildə boyun qaçırır. Dəhlizin açılmasında maraqlı deyil. Bu kimi məsələlərdə çalışır ki, problemlər yaratsın. Ermənistan minaların təmizlənməsi məsələsində heç bir köməklik göstərmir. Minalanmış ərazilərin xəritəsini qaytarmaq niyyəti yoxdur”.

F.Sadıqovun fikrincə, belə bir şəraitdə hələlik diplomatik əlaqələrin qurulması real görünmür:

“Mən belə düşünürəm. Sadəcə olaraq post-müharibə dövründə bir sıra məsələlər öz həllini tapmalıdır. Bundan irəli gələn məsələlər yerinə yetirilməlidir. Eyni zamanda, bu kontekstdə region dövlətlərinin də maraqlarına cavab verən bir sıra məsələlər öz həllini tapmalıdır. Ona görə də iki ölkə arasında diplomatik münasibətlərin təsis olunmasından danışmaq hələ tezdir. Amma eyni zamanda, müəyyən, normal əlaqələrin olması heç də bizim indiki vəziyyətimizə zidd deyil”.

Ekspert hesab edir ki, sadəcə olaraq, bu münasibətlər normal, sivil xarakter daşımalıdır: “Ermənistan imzaladığı sənədlərə, götürdüyü öhdəliklərə əməl etməlidir. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin iştirakı ilə baş tutacaq üçtərəfli görüşdə bu məsələ öz həllini tapa bilər”.

Tural Turan