Vaksinin yaratdığı süni immunitetin BİLİNMƏYƏN ÜSTÜNLÜYÜ

17 Aprel 2021 16:30 (UTC+04:00)

Tanınmış rusiyalı həkim və aparıcı Aleksandr Myasnikov koronavirusa qarşı süni və təbii yolla qazanılan immunitetin fərqlərini izah edib. Həkimin sözlərinə görə, xəstəlik nəticəsində yaranan antikorlar bizi koronavirusun sadəcə bir ştammından qoruyur, vaksinasiya isə istənilən mutasiyadan qorumaq qabiliyyətinə malikdir.

Publika.az Rusiya mətbuatına istinadən ekspertin müsahibəsini təqdim edir:

- Aleksandr Leonidoviç, insanın immuniteti yaşla bağlı olaraq necə dəyişir və bu, COVID-19-un gedişatına necə təsir edir?

- Yaş artdıqca immunitet zəifləyir və immunitet reaksiyası azalır. Gənclərdə xəstəlik ümumiyyətlə kəskin tənəffüs yoluxucu infeksiyalar şəklində davam edir: asqırır, öskürür və hər şey yox olur. Yaşlı insanlarda adətən sətəlcəmin daha ağır forması müşahidə olunur. Bu xəstəlikdən ölənlərin çoxu 70 yaşdan yuxarıdır. Peyvəndlər ilk növbədə risk qrupu üçün lazımdır. Bunlar yaşlılar, xroniki xəstələrdir.

- Peyvənd üçün yaş həddi varmı?

- Yoxdur, lakin bir tərəfdən peyvənd yenidir. Hər halda əldə olan mövcud məlumatlar peyvəndləri yaşlı insanlara da tövsiyə etməyimizə imkan verir. Ciddi mənfi təsirlərinin olmayacağını bilirik. COVID-19 təhlükəsi bütün fəsadları üstələyir. Peyvəndləmə heç bir yerdə yaşla məhdudlaşmır.

- Yaşlı orqanizm peyvəndi necə qəbul edir?

- İmmun reaksiyası daha az olur, lakin hər halda xəstəliyin ağır gedişatına və ağırlaşmalara qarşı ciddi bir qorumadır. Peyvənd edilməyən yaşlı insanların koronavirusdan sağ çıxması bir çox hallarda imkansızdır.

"Sputnik V" peyvəndinin klinik sınaqlarında şəxsən iştirak etmişəm və hər hansı spesifik əks təsirini qeyd etməmişəm. Xüsusi olmayan fenomenlər var - inyeksiya yerində şişkinlik, ağrı, üşütmə. İnsan nə qədər gəncdirsə, bədən o qədər şiddətli reaksiya göstərir. Maraqlıdır ki, yaşlı insanlarda vaksindən sonra simptomlara daha az rast gəlinir.

- Hansı xroniki xəstəlikləri olan insanlara peyvənd vurula bilməz? Vaksinasiyadan əvvəl həkimə müraciət etmək lazımdırmı?

- Belə bir əks göstəriş yoxdur. Yalnız aktiv kimyəvi terapiya keçirənləri təxirə salmağa dəyər. Çünki çox aşağı immunitet reaksiyasına sahibdirlər. Peyvənd heç bir xroniki xəstəliyi ağırlaşdırmır, çünki onlar immun sistemini tez-tez boğur, məsələn, xroniki böyrək çatışmazlığı, diabet. Bu xəstələrdə peyvəndə qarşı immunitet reaksiyası daha az olmasına baxmayaraq, kifayətdir.

Yalnız şiddətli allergiyanı ciddi əks təsirlər hesab edirik. Qripə qarşı vaksinasiyada dərmanın tərkib hissələrinə bir reaksiya olub-olmadığı məlum olur. Allergiya anamnezə daxil deyilsə, qorxulacaq bir şey yoxdur.

Fikrim paradoksal görünəcək, amma peyvənddən əvvəl həkimə müraciət etməzdim. Deyək ki, onkoloji xəstəlikdən əziyyət çəkən bir insanın 75 yaşı var. Payızda yeni COVID-19 dalğasının başlayacağı bildirilsə də, bu adam peyvənd olunmur. Əgər yoluxarsa, nəticələrinin ağır olması ehtimalı böyükdür. Bu halda vaksin etdirməmək daha təhlükəlidir. İnanıram ki, peyvənd yalnız tərkib hissələrində anafilaktik şok riski olduğu təqdirdə oluna bilməz.

- Peyvənddən əvvəl antikorları yoxlamaq lazımdır?

- Yoxlaya bilərsiniz, amma ehtiyac yoxdur. Antikorlar varsa, deməli, xəstə olmusunuz. Bu antikorlar sizi koronavirusun bir ştammından qoruyur, peyvənd isə bilinən bütün mutasiyalara qarşı qoruyur, vacib olan budur. Antikorları yoxlamazdım. Sadəcə maraq xatirinə antikorları yoxlamaq və kütləvi peyvənd prosedurunu təxirə salmaq böyük xərcdir. Antikorlarınız varsa və peyvənd olunmusunuzsa, narahat olmağa dəyməz, vəziyyəti pisləşdirməyəcək, ancaq əlavə qoruyuculuq qazanacaqsınız.

- Yaşlı nəsildən olan insanlar indi peyvənd edilməlidir, yoxsa kütləvi immunitet inkişaf edənə qədər gözləmək lazımdır?

- Yaşlıların peyvəndlənməsi lazımdır, kütləvi immunitetin inkişafını gözləməyə vaxt yoxdur. Hər kəs şəxsi immunitetini almalıdır. Peyvənd ölümdən və ağır gedişatdan qoruyur. Kütləvi vaksinasiyanın ötürülmə zəncirini nə dərəcədə kəsəcəyi hələ tam olaraq aydın deyil, ümid edirik ki, yaxşı olacaq. Ona qədərsə yaşlı nəslin peyvəndlənməsi labüddür, ilk növbədə onlar qorunmağa ehtiyac duyurlar.

Aytən Məftun