Metsamor AES nüvə qaçaqmalçılığı üçün baza rolunu oynayır - Şərh

17 Aprel 2021 16:09 (UTC+04:00)

Ermənistan birinci dəfə deyil ki, radioaktiv maddələrin satışını həyata keçirməyə cəhd edir. Emal etdikləri radioaktiv maddələrin qalıqlarını sərhədyanı çay və sulara axıdırlar. Odur ki, mənbəyini Ermənistan ərazisindən götürən çaylar zəhərlənir. Bir tərəfdən bütün beynəlxalq normaları pozaraq ekoloji cəhətdən region üçün təhlükə yaradırlar, digər tərəfdən Ermənistan radioaktiv maddələrin qanunsuz satışını həyata keçirməyə çalışır.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib. K.Məmmədovun sözlərinə görə, Ermənistan istənilən halda bütün beynəlxalq normaları pozur və cinayət törədir:

“Radioaktiv maddələr zəhərli və kimyəvi maddələrdir. İqtisadi-sənaye baxımdan radioaktiv maddələrin Ermənistanda təhlükəsiz şəkildə emal olunması qeyri-mümkün məsələdir. Əslində, bu, Ermənistanın özü də daxil olmaqla region üçün ciddi ekoloji təhlükə yaradır. Hansı müstəvidən baxsaq, Ermənistanın bu addımı cinayət hesab olunur.

İnanmıram ki, Gürcüstan radioaktiv maddələrin rəsmi qaydada ölkələrinə keçirilməsinə razılıq versin. Metsamor Atom Elektrik Stansiyası nüvə qaçaqmalçılığı üçün baza rolunu oynayır. Nikol Paşinyan yeni bir atom elektrik stansiyasının qurulması ilə bağlı bəyanat vermişdi. Metsamordan istifadə edə bilməyən bir ölkənin yeni atom elektrik stansiyası tikməsi utopiyadır. Ola bilər ki, Metsamor AES-dəki müəyyən kimyəvi qalıqları dövriyyəyə buraxsınlar. Bütün hallarda Ermənistanın radioaktiv maddələri satmaq cəhdləri təhlükə mənbəyidir. Çünki onu tam zərərsiz hala gətirib istifadə etmək iqtidarında deyil”.

Ekspert qeyd edib ki, hazırda Ermənistan cəmiyyəti gözümüzün qarşısında çalxalanır, hüquq norma və prinsiplərini pozaraq hər vasitəyə əl atırlar:

“Ermənistan dövləti bu gün hər addımında beynəlxalq müstəvidə cinayətkar bir dövlətdir, qanunları pozur və cinayət törədir. Odur ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı ciddi tədbirlər görməli və buna biganə qalmamalıdırlar”.

Aytən Məftun