Xəzərdə reyd: 4 gəmi istifadəçisi cərimələndi (VİDEO)

19 Aprel 2021 15:30 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reydləri davam etdirirlər.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Belə ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan və Xəzər rayonunun Türkan qəsəbələrinin Xəzər dənizi ərazisində təşkil edilən reyd zamanı 15 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqələri, təchizat və xilasetmə vasitələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.