DİN-dən əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

22 Aprel 2021 16:54 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat xidmətindən Publika.az-a daxil olan müraciətdə deyilir:

"Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Belə ki, həmin dələduzlar tətbiq edilən xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız əsasən yaşlı nəsli nümayəndələrinə zəng etməklə özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər. Daha sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsi ilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni, kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşəcəkləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermələrini xahiş edirik".