Bayden “soyqırımı” deyə bilər: Qarabağ müharibəsindən sonra nə dəyişdi? - TƏHLİL

24 Aprel 2021 16:55 (UTC+04:00)

Ərdoğan Baydenlə danışdı, beynəlxalq media ABŞ prezidentinin bu gün “soyqırımı” deyəcəyini yazır. Bayden “soyqırımı” ifadəsini işlədəcəkmi? Günün sualı budur.

ABŞ-da qondarma “erməni soyqırımı” ilə bağlı ənənəvi yanaşma məlumdur:

- Türkiyəyə qarşı daim təzyiq aləti kimi istifadə etmək;
- ABŞ-dakı erməni diasporu/lobbisinin dəstəyini qazanmaq;

Prezidentliyə namizədlər erməni seçicilərin səsini əldə etmək üçün seçkiöncəsi qondarma “soyqırımı” tanıyacaqları vədini verir, zamanı çatanda “faciə”, yaxud “böyük fəlakət” ifadəsini işlədirlər. Baydenin də Türkiyəni itirməmək, həm də ABŞ siyasətində Türkiyəyə qarşı təzyiq alətini xərcləməmək üçün sələflərinin yolu ilə gedəcəyini deyə bilərdik, lakin mövcud şərtlər və geosiyasi proseslər Ağ Evin bu axşam ermənilərin sevindirə biləcəyi ehtimalını artırır.

1. 2019-cu ildə ABŞ Konqresi qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Bayden özünün də səs verdiyi qətnaməni presedent olaraq istifadə edə bilər.

2. Bayden siyasi karyerasında erməniyönümlü fəaliyyəti ilə seçilib: 907-ci düzəlişi dəstəkləyib, qondarma “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınması istiqamətində işləyib. 2019-cu ildə Bayden keçmiş vitse-prezident statusunda ABŞ-da erməni təşkilatı ANCA-ya ünvanladığı məktubda “Birləşmiş Ştatlar bir daha erməni soyqırımı ilə bağlı mövqeyini bildirməlidir. 1.5 milyon erməni kişisinin, qadınının və uşağının ölümünə, 2 milyon erməninin kütləvi şəkildə evlərindən didərgin düşməsinə səbəb olan dəhşətli həqiqəti heç vaxt unutmamalı və susmamalıyıq” deyə yazırdı.

3. Türkiyənin İstanbul Konvensiyasından çıxması, Rusiya ilə hərbi-siyasi əməkdaşlığı, ABŞ-ın arzulamadığı müstəqil siyasət kursunu davam etdirməsi Ankara-Vaşinqton xəttində çatların dərin olduğunu göstərir.

Bunlar Baydenin “soyqırımı” ifadəsini işlədəcəyi ehtimalını gücləndirən səbəblərdir, lakin əsas məqam başqadır.

Qarabağ müharibəsindən sonra Ermənistanın Bakı və Ankara ilə münasibətlərinin Rusiyaya rəğmən, normallaşa biləcəyi reallığı yaranıb. Sərhədlərin açılması, Ermənistanda Azərbaycan və Türkiyənin siyasi-iqtisadi təsirinin artması qondarma “erməni soyqırımı” məsələsini arxa plana keçirə bilər. Paşinyan hakimiyyətində “Türkiyənin düşmən ölkə” obrazının yumşaldılması tezislərini də müşahidə edirik. Cənubi Qafqazdakı proseslər qondarma “soyqırımı” məsələsinin Ankara və İrəvanın öz aralarında həll edə biləcəyi gözləntisini artırır.

Vaşinqtonda anlayırlar ki, bu proseslər Türkiyəyə qarşı ABŞ-ın əlindəki “soyqırımı” kartının “son istifadə tarixini” yaxınlaşdırır. Və Bayden “soyqırımı” deməklə üç hədəfə hesablanan gediş edə bilər.

Birincisi: Ankara-İrəvan münasibətlərinin normallaşmasına maneə yaradır və Rusiya təsirindən xilas etmək istədiyi Ermənistanın Türkiyə təsirinə düşməsinin də qarşısını alır.

İkincisi: Cənubi Qafqazda təklif olunan və ABŞ-Çin mübarizəsində Vaşinqtonun öz maraqlarına qarşı hesab etdiyi “altılıq platforması”nı Ermənistan üzərindən də parçalayır. ABŞ-ın Çinlə əsas mübarizə coğrafiyasının Cənubi Qafqaz olacağını yazmışdıq.

Üçüncüsü: Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ-dakı erməni diasporu/lobbisi dəstəyi ilə bu ölkəyə təsir imkanlarını genişləndirir.

Əvəzində ABŞ çox şey itirə bilər. Bir tərəfdə Türkiyə və Azərbaycan, digər tərəfdə ermənilər, seçim Baydenindir.

Asif Nərimanlı