Fransanın müsəlmanlara qarşı törətdiyi dəhşətlər - Abdel Gesumla ÖZƏL MÜSAHİBƏ

1 May 2021 10:25 (UTC+04:00)

Dünyanın ən sivil ölkələri haqda az bilinən qandonduran faktlar var. Məsələn, Fransanın paytaxtında hələ də İnsan Muzeyi fəaliyyət göstərir. Muzeydə əlcəzairli partizanların da kəllə sümüklərinə rast gəlinir. Bir sıra mənbələrdə isə XIX əsrdə yaşayıb fəaliyyət göstərmiş təbiətşünas Jorj Küvyenin elm libasına bürüdüyü vəhşi əməlləri haqda məlumat var. Belə ki, Küvye qətlə yetirilən əlcəzairlilərin kəllə sümüklərini Paris İnsan Muzeyinə elmi təcrübə aparmaq bəhanəsilə yollayırdı. Lakin illər sonra alimlərin özləri etiraf ediblər ki, həmin sümüklər elmi məqsəd üçün yararsızdır. Əlcəzairli fəallar, siyasi xadimlər və hüquqşünaslar illər boyu Parisin İnsan Muzeyinin “kolleksiya”sını geri qaytarmaq üçün sonsuz əmək sərf ediblər. Nəhayət, Fransa hakimiyyəti buna razılıq verib.

Müsahibim bu humanist fəaliyyəti yerinə yetirən Qrand Magreb (Grand Maghreb) Assosiasiyasının baş katibi, hüquqşünas Abdel Gesumdur (Abdel Guessoum).

Aucune description disponible.

- Cənab Gesum, sizi oxucularımıza necə təqdim edək?

- Bildiyiniz kimi, Qrand Magreb Assosiasiyasının baş katibiyəm. Əslən əlcəzairliyəm. Valideynlərim uzun illər öncə Fransada məskunlaşıblar. Mən də burada doğulub böyümüşəm. İxtisasca hüquqşünasam. Asanlıqla deyə bilərəm ki, hər iki mədəniyyətin daşıyıcısıyam. Bir sözlə, Şərqlə Qərbin vəhdətiyəm.

- Həm əlcəzairli, həm də fransız kimi bu gün Fransada, ümumiyyətlə, Avropada hökm sürən islamofobiya probleminə münasibət bildirməyinizi istərdim.

- Fransada həm sosial, həm də iqtisadi böhran baş alıb gedir. Təəssüf ki, kütləvi informasiya vasitələri bir çox arzuolunmaz vəziyyətlərdə bütün iradları müsəlmanlara yönəldirlər. Kütləvi kasıblıq, müxtəlif sahələr üzrə dərinləşən böhranlar, nümayişlər, etirazlar İslama da toxunur. Lakin unutmaq lazım deyil ki, bu, dövlətin siyasəti deyil, medianın yanlış təbliğatıdır. Bizim Assosiasiyamız nə dini, nə də siyasi xarakter daşıyır. Əsas məqsədimiz humanizmi, müxtəlif dinlərə, mədəniyyətlərə mənsub insanların sülh içində yaşamını təmin etmək, güzəranlarını asanlaşdırmaqdır.

- Assosiasiyanız Vətən müharibəmizdə ölkəmizin yanında oldu. Əminəm ki, haqq qələbəmizə ən çox sevinənlər sırasındasınız.

- Azərbaycan sevdiyim ölkələr sırasındadır. Bakı dünyanın ən gözəl paytaxtlarındandır. Təəssüf edirəm ki, fransız mətbuatı Ermənistan-Azərbaycan münaqişəsini cəmiyyətə təktərəfli təqdim edir. Buna baxmayaraq, Assosiasiyamız adından vurğulaya bilərəm ki, biz problemin kökündən və Azərbaycanın haqlı tərəf olduğundan xəbərdarıq. Azərbaycanlı qardaşlarımızla həmrəyik. Müharibə dövründə də çətin durumda olan qardaşlarımıza tibbi yardım yolladıq. Ümumiyyətlə, İslam əməllərimizin güzgüsüdür. Haqqı dəstəkləyib, köməyə ehtiyacı olan tərəfə dəstək olmalıyıq. Bu müharibənin əsas səbəbini bilirik. Azərbaycan öz tarixi torpaqlarını azad edib. Fransız mediasının qərəzli münasibətinə rəğmən, Azərbaycanın yanındayıq.

- Həmçinin, tarixin ən böyük utanclarından birinə qarşı da haqq səsinizi ucaltmısınız. Bu məsələ ilə bağlı bütün faktları sizdən eşitmək istərdim.

- Bəşər tarixinin bu qaranlıq səhifəsindən danışmaq olduqca vacibdir. Bildiyiniz kimi, Fransanın Əlcəzairi işğal etməsi qanlı, zülmət dövr sayılır. Həmin işğal zamanı fransızlar dinc əhaliyə, qadınlara, körpələrə, qocalara qarşı soyqırımı törədiblər. Mübarizə aparan əlcəzairli partizanları qətlə yetiriblər. Bu terrordan sonra isə Parisdə qələbə əhval-ruhiyyəli muzeyin açılışı baş tutur. Hazırda Parisin İnsan Muzeyində (Musée de l'Homme) saxlanılan kolleksiya bu vəhşətin bariz nümunəsidir. Muzeyin kolleksiyasında müstəmləkəyə boyun əymək istəməyən, Fransa işğalına qarşı müqavimət göstərən əlcəzairli partizanların, quldur kimi qələmə verilib əslində isə haqq mübarizəsi aparan vətənpərvərlərin kəllə sümüklərindən ibarət kolleksiya nümayiş olunur.

Müharibə müddətində əlcəzairli müqavimətçilərin kəllə sümükləri Parisə kolleksiya kimi göndərilir. Həmin kəllə sümükləri muzeyin zirzəmisində saxlanılır. Təqribən 500-dən çox hərəkat üzvünün kəllə sümükləri Əlcəzairin fərqli bölgələrindən olan müqavimətçilərə aiddir. Təəssüf ki, bu illər ərzində kəllə sümükləri bərbad şəraitdə saxlanılıb. Odur ki, kimliklərini müəyyən etmək çətindir. Etiraf edirəm, çox kədərli, dəhşətli faktdır. Bizim Assosiasiyamız Əlcəzairin qəhrəmanlarının kəllə sümüklərinin ölkəmizə qaytarılması və Əlcəzair xalqına dəyən maddi-mənəvi ziyanı hesablamaq yolunda hüquqi prosesə başlayıb, bir sıra kəllə sümüklərinin artıq təhvil verilməsinə nail olmuşuq. Ümid edirik ki, gec də olsa, ədaləti bərpa etməyə nail olacağıq.

Leyla Sarabi