8 may Şuşanın yenidən doğulduğu gün kimi qeyd olunacaq

6 May 2021 15:53 (UTC+04:00)

“1992-ci ildən 2020-ci ilə kimi - 28 il idi ki, biz Şuşanın yoxluğunu, Şuşasızlığı qeyd edirdik. Həqiqətən çox ağır idi. Qarabağın itkisi nə qədər ağır dərd idisə, Şuşa itkisi ondan da ağır dərd hesab olunurdu. Çünki Şuşa Azərbaycan xalqının tarixidir. Eyni zamanda, Azərbaycan xalqının varlığının, dövlətçiliyimizin, suverenliyimizin simgəsidir. Yəni, Şuşa qədim mədəniyyət mərkəzidir. Şuşa qədim dövlətçilik mərkəzimiz olub, onun haqqında saatlarla danışmaq olar. Biz bu gün Şuşanı daha çox mədəniyyət mərkəzi kimi qeyd edirik, amma Şuşa bir mərkəz kimi də Qarabağ xanlığının qərargahı olub. Bu mənada Şuşa kimi bir qalanın itirilməsi bir xalq üçün böyük dərd idi”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Millət vəkili qeyd edib ki, Şuşa dərdi nə qədər ağır olsa da, hər birimizin içində bir inam var idi:

“Bu, qətiyyətli inam idi, bu, bizim Şuşaya qayıtmağımızla bağlı olan inam idi. Həmin qətiyyətli inamı bizdə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız yaratmışdı. Möhtərəm Prezidentimiz istər xarici ölkələrdə, istərsə də buradakı çıxışlarında dəfələrlə bildirirdi ki, biz bir qarış da torpağımızı güzəştə getməyəcəyik. Ümumiyyətlə, Şuşaya, Xankəndiyə, eləcə də Qarabağın bütün bölgələrinə qayıdacağımızı vurğulayırdı. Üçrəngli bayrağımızın işğaldan azad edilən bütün bölgələrimizdə dalğalanacağını qeyd edirdi. Bildirirdi ki, mütləq Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Sadəcə olaraq, müzəffər Ali Baş Komandanımız bu münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışırdı. Yəni, Ali Baş Komandanımız bu münaqişəni qansız-qadasız, müharibəsiz həll etmək istəyirdi”.

Deputatın sözlərinə görə, çox təəssüf ki, faşist erməni rəhbərləri, onların diasporu, ideoloqları bunu qanmadı:

“Hətta qondarma erməni dövlətinə dəstək verən supergüclər də bunu başa düşmədilər. Onlar anlamadılar ki, Azərbaycan xalqı heç vaxt öz torpağını güzəştə getməyəcək. Onlar anlamadılar ki, Azərbaycan xalqının İlham Əliyev kimi haqq bildiyi dəyərlərdən çəkilməyən dönməz, iradəli lideri var. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişəni uzatdılar. Erməni işğalçılarına şərait yaratdılar. Ermənilər işğal etdikləri ərazilərdə daha da möhkəmlənməyə çalışdılar. 30 il ərzində erməni xalqı işğal eydiyi torpaqlardan heç nə qazana bilmədi. Rifahları daha da pisləşdi, irəliyə addım ata bilmədilər. Əksinə, rəzillik, yoxsulluq Ermənistanda daha da kəskinləşdi. 30 illik işğal erməni xalqına heç nə vermədi”.

Məlahət İbrahimqızı əlavə edib ki, 30 ilə yaxın müddətdə belə bir zəngin təbiəti və resursları olan torpaqlardan erməni xalqı bir şey qazanmadısa, əksinə, daha da geri getdisə, deməli, anlamalı idilər ki, onların bu torpaqlarda qalmağının heç bir mənası yoxdur:

“Azərbaycan xalqının siyasi iradəsini ifadə edən möhtərəm Prezidentimizin də çıxışlarını oturub düz-əməlli təhlil edib, düşünmədilər. Nəhayət, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimizin sözləri ilə ifadə etsək, Azərbaycan xalqının o tükənmiş səbri daşdı. Düşmənin təxribat hərəkətinin qarşısı alındı və əks-hücum əməliyyatına başlanıldı. Ermənilər o zaman bu illər ərzində hansı səhvləri etdiklərini anladılar. Müharibəni biz yox, yenə də təcavüzkar Ermənistan başladı. Biz Azərbaycan xalqının təhlükəsizliyini, sərhədlərimizin toxunulmazlığını qorumaq, haqq-ədalət yolunda müzəffər Ali Baş Komandanımızın “irəli!” əmrini yerinə yetirmək üçün şərəfli və şanlı ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etdik. Biz bu müqəddəs döyüşdə müqəddəs zəfər qazandıq. Bu ildən başlayaraq biz 8 mayı bayram əhval-ruhiyyəsi ilə yaşayacağıq. Bu, gələcəkdə də belə olacaq. Biz deyəcəyik ki, Şuşa, sən yenidən doğuldun. Möhtərəm Prezidentimizin bir sözü var, “Şuşa, sən azadsan!” Bəli, Şuşa, sən məğrursan, sən əyilmədin. Şuşa, sən bilirdin ki, Azərbaycan xalqı qayıdacaq. Biz artıq 8 mayı Şuşanın yenidən doğulduğu gün kimi qeyd edəcəyik. Təbii ki, 8 noyabr bizim müqəddəs Zəfər bayramı kimi qeyd olunacaq. Biz 8 noyabrı - Şuşanın azad olunduğu günü heç zaman unutmayacağıq! Biz tarixi unutmayacağıq, çünki kim tarixi unudursa, onun gələcəyi yoxdur. Tarix unudulmaq üçün deyil, dərs çıxarmaq üçündür. Tarixdən dərs çıxarmayan xalqlar hər zaman məğlub olublar”.

Tural Turan