Bu, ədalət və cəsarətin təntənəsi idi - RƏY

8 May 2021 15:17 (UTC+04:00)

"Prezident İlham Əliyevin noyabrın 6-da “BBC News”a verdiyi müsahibə dərhal qlobal informasiya məkanında geniş rezonans doğurmuşdu. İndi isə 3 milyon baxışı keçərək trendə çevrilib. Bu, özlüyündə bir neçə kontekstdə qiymətləndirilməli mühüm hadisədir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, indiyədək ölkəmizlə bağlı heç bir xəbər, yaxud məlumat Tvitterdə bu qədər izlənməmişdi: "Bu, yalnız məsələnin bir tərəfidir. Müzakirələrə səbəb olan və təqdir edilən əsas yanaşmalardan biri isə Azərbaycan Prezidentinin ona qarşı yönəldilən "yumşaq güc" silahını geri çevirərək effektiv şəkildə qarşı tərəfin özünə tətbiq etməsi bacarığıdır. Ancaq bu, təkcə bacarıq deyil, həm də çoxlarının düşündüyü, lakin dilə gətirə bilmədiyi ədalətin yüksək səslə ifadə edilməsi idi. Çünki qlobal güc mərkəzlərinin çoxsaylı silah arsenalında ən səmərəli silahlardan biri informasiya silahıdır".

Millət vəkili qeyd edib ki, "BBC News" uzun illərdir təmsil etdiyi güc mərkəzlərinin maraqlarına mükəmməl şəkildə xidmət edib və qarşısına çıxanı özünəməxsus hücum silahı ilə sıradan çıxarmağı bacarıb: "Ancaq bu dəfə tamamilə fərqli situasiya ilə qarşılaşdı və tərk-silah edildi. Müxbirin ənənəvi uydurma ittihamları, söz və mətbuat azadlığını, siyasi azadlıqları manipulyasiya etməsi cəsarətlə dəf edildi və dəmir məntiqlə susduruldu. Prezident İlham Əliyev bildirdi ki, sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir: "Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumadan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız". Bu cavabda uzun illərdir Qərbin informasiya müharibəsinə qarşı, universal dəyərləri istismar edərək qarşı tərəfi əzən siyasətinə qarşı çoxlarının demək istədiyi, lakin cəsarət edə bilmədiyi ağıl, intellekt və cəsarət var idi. Ona görə də təqdirlə qarşılandı. Beləliklə də Prezident İlham Əliyev "sivilizasiyaların qarşıdurması" siyasətinə və islamofobiyaya xidmət edən zehniyyəti, ermənilərin vəkili kimi çıxış edən, erməni faşizmini və işğalçılıq siyasətini demokratiya, insan hüquqları və azadlıqları ilə pərdələməyə çalışan zehniyyəti ifşa etdi. Bu, ədalət və cəsarətin təntənəsi idi".

Tural Turan