Elə gözəl yoxsan ki... - Mintac Elsevər yazır

4 İyun 2021 13:19 (UTC+04:00)

Mintac Elsevər

Cəmi on yeddi yaşı vardı. 40 gün öncə yaşadığı binanın 15-ci mərtəbəsindən atılaraq intihar etdi. Behrudilər nəslinin ən sevimli gənci, parlaq və istedadlı İsa Alməmmədov. Öncə dostlarım idilər, sonra qohum olduq. Əziz dostum İlham Alməmmədov, şahanə xanım, əzizim Tahirə… Silsilə romanlar bağlansa belə, dərdinizə təsəlli deyil, bilirəm. Sadəcə yanınızdayam və sizi hiss edirəm demək istədim.

ELƏ GÖZƏL YOXSAN Kİ...

İSA-ya ithafən...

Sən bir parça pəmbə bulud, boğacaq qədər dərinliyi olan dənizdin İsa!..

Başımda tüküm yanır!.. Bu ağır kədər dolu təsvirə heç bir bədii ədəbiyyatda rast gəlmədim. Səsi bütün məhləni bürüyən 17 yaşlı gənc İsaya Tahirə anasının fəryadıdı bu sözlər. Yəqin bundan sonra da belə dəhşətli təsvirə rast gəlməyəcəm.

Həyatımda İsa adında çox az adam tanıyıram. Hamısı da fərqli. Sən də fərqliydin gözəl İsa. Fərqin olmasaydı qırx altı yaşlı məni sözümə xilaf çıxarmazdın. Və yazmazdım sənə...

Sənə yazıram İsa bala...

Mən yazıram, amma sən görmürsən.

Səhərin sübhüdü. Viran qalmış, yerlə-yeksan Ağdama gedirəm. Və sənə yazıram. Xarabalığın vahiməsi, yenilməz kədəri sarır ruhumu. Ölçünü dəqiqlışdirə bilmirəm. Fəqət hər on-beş iyirmi evdən bir qədər təxmin edirəm gördüklərimi. Tikə-parça bomboz divarlar, çox hissəsi torpağın dibinə batmış, bir azı qalan pas bağlamış çürümüş dəmir hasardı gördüklərim, vəssalam. Yağış da yağır. Yağış yağır amma elə bil yağmır... Ağlayan, amma göz yaşı görünməyən adamlar kimi. Elə bu yazını da sənə bu xarabalığın ortasından yazıram.

Ağdam xarabalığının kədərinə bənzəyir sənin kədərin İsa!.. Adamı darmadağın edən, ucsuz-bucaqsız xarabalıq kimidi kədərin!

Söz vermişdim. Bir də məni içdən yaralayacaq, göynədəcək kimsəyə yazı ithaf etməyəcəm. Amma sən bir parça pəmbə bulud... Boğacaq qədər dərinliyi olan dənizdin sən İsa!.. 17 bahar ömür çəkmiş sənə görə bu boyda gözəllik çox deyildimi gözəl yavru? Hələ həyat səni çox yormalıydı siması bəlirsiz adamlarının nankorluğuyla. Neçə doğma itkisi görməliydin, neçə dost bıçağının yara yeri qalmalıydı kürəyində. Dəfələrlə yalnış edib özündən, adamlardan küsməliydin. İnanıb sarsılmalıydın, yıxılıb yenidən qalxmalıydın. Amma fürsət saxlamadın bunların heç birinə. Ən ucalıqdan atladın yaşayacağın dərdlərin üstünə.

Adamlar daş deyil ki, İsa!..

Adamlar heç ağac da deyil İsa! Ki, hər mövsüm yenidən çiçəkləyə. Adamlar ovuc içi boyda ürəkdi. Bircə mövsümlük cana borcludu adamlar. Anladın sən bunu İsa... Çox erkən anladın. Üsyan edəcək zərrəcə səbəb, üz tutub da guya toxtaqlıq tapacaq yer də yoxdu. Yer də yoxdu, çarə də yoxdu, təsəlli də yoxdu. Elə gözəl yoxdu ki, hər şey İsa...

Bir zamanlar Tanrı öz cənnətindən çox adam qovub deyəsən. Cənnəti kimsəsiz qalıb. İndi cənnətini doldurmaq istəyir Tanrı.

Təkliyiylə boğuşa-boğuşa yaşayan adamı kimsə heç nəylə qorxuda bilməz. Gedənə rahatca yaxşı yol deyər təklər. Sən tək adam deyildin ki İsa. Qalın bir sevgi yorğanı vardı üstündə. Ən soyuq qış da üşüdə bilməzdi səni. Bu Tanrı işidimi İsa? Nə zaman çatdı ki, Tanrıya səsin? Aldı səni öz cənnətinə. Buranınsa cəhənnəmi bir az daha çoxaldı. Tanrıdan sonra ən tənha qadınlarının biri də artdı sayəndə İsa... Ananı deyirəm İsa, ananı... O indi anlada bilmədiyi ən böyük kədərin adıdı. Başında tükü yanır…

Suallar var ki, cavabı yoxmuş. Vidadan ağır suallar. Cavabsız sualsan İsa bala.

Sən bir parça pəmbə bulud... Boğacaq qədər dərinliyi olan dənizdin İsa... Bir də, birdən-birə yox olan bir topa gözəllik... Elə gözəl yoxsan ki, İsa...