Ötən gün 5 nəfər xilas edildi, 2 nəfərin meyiti tapıldı - FHN

19 İyun 2021 14:07 (UTC+04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış, 1 nəqliyyat qəzası və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Kür çayının Yevlax şəhərindən keçən hissəsində nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.