Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

20 İyun 2021 06:46 (UTC+04:00)

İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Mahaçqala Hava Limanının mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.