Ürək xəstələrinin diqqətinə - Bu, risklidir!

20 İyun 2021 11:21 (UTC+04:00)

Təzyiq, şəkərli diabet və ürək xəstələrinin səhər yuxudan oyanan kimi idman etmələri riskli hesab olunur.

Publika.az xəbər verir ki, mütəxəssislərin xəbərdarlıqlarına görə, bu şəxslərin səhər idmanını 3 saat gecikdirmələri mövcud riski azaldır.

Bəzmialəm Vəqf Universitetinin tibb fakültəsi ürək-damar cərrahiyyəsi bölümünün rəhbəri professor Cengiz Köksal hesab edir ki, təzyiq və şəkərli diabet kimi xroniki xəstəliklərdən əziyyət çəkənlərlə yanaşı, ürək-damar xəstələrinin də orqanizmlərinin xüsusiyyətini nəzərə almaları və idman edərkən buna uyğun davranmaları lazımdır.

Oyandıqdan sonrakı ilk 3 saat risklidir

Müntəzəm olaraq aşağı templi qaçış və ya 45 dəqiqədən az sürətlə gəzməyin ürəyin dostu olduğunu söyləyən Cengiz Köksal bildirib ki, ürək, şəkərli diabet və qan təzyiqi xəstələri yuxudan duran kimi idman etməməlidir: "Bu şəxslər yuxudan oyandıqdan sonrakı ilk 3 saatın riskli olduğunu bilməli və bunu nəzərə alaraq idman cədvəli təyin etməlidirlər".

Səhər idmanı risk qruplarında infarkt riskini artırır

Professor şəkərli diabet xəstələrinin səhər yeməyindən əvvəl idmanla məşğul olmasının hipoqlikemiyaya (aşağı qan şəkəri) səbəb ola biləcəyi ilə bağlı da xəbərdarlıq edib:

"Yüksək qan təzyiqi, ürək döyüntüsü və ya ürək xəstəliyi olanlara idmanla məşğul olmaq üçün uyğun vaxt səhər olmaya bilər. Səhər oyandıqdan sonra ilk 3 saat ərzində orqanizm üçün vacib olan adrenalin ən yüksək səviyyədə olur. Bu yüksəlmə ürək ritmini artırır və qan təzyiqini yüksəldir. Bundan əlavə, ilk saatlarda qan təzyiqi artır və damarlarda daha çox laxtalanma riski mövcuddur. Bunun səbəbi laxtanı parçalayan fibrinolitik sistemin səhər saatlarında ən aşağı səviyyədə olmasıdır. Bu məlumatlar fonunda oyandıqdan sonra ilk 3 saat ərzində idmanla məşğul olmağın infarkt riskini artırdığını söyləmək mümkündür. Yaxşı olardı ki, qeyd olunan kateqoriyadan olan şəxslər əlavə 1-2 saat yatsınlar və özlərini yaxşı hiss etdikləri zaman idman etsinlər".