Fulya Öztürk AÇIQLADI: "Filmin mənimlə heç bir əlaqəsi yoxdur" - FOTO

21 İyun 2021 11:39 (UTC+04:00)

Publika.az Türkiyənin "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürkün Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Azərbaycanın Vətən müharibəsindən bəhs edən "Azərbaycanfilm" və Türkiyənin tanınmış şirkəti "DADA Film Prodakşn"ın birgə istehsalı ilə "Fulya" filminə çəkilirsiniz. Film çəkilişləri necə gedir?

- Filmin çəkilişləri Qarabağda, Şuşada, Tərtərdə, Ağdamda aparıldı, özümüzü daha məsuliyyətli hiss etdik. Bir az yorulduq, amma film Azərbaycanın acısını, həqiqətlərini dünyaya göstərən bir ekran əsəri olduğuna görə mənim üçün özəldir. Bu filmlə tarixdə dəlil qalacaq.

Bəzi insanlar "Fulya" filmi ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Xeyr, filmin mənimlə heç bir əlaqəsi yoxdur. Ekran əsərində mənim həyatım, keçmişim, uşaqlıq illərim, şəxsi həyatımdan bəhs edilmir. Azərbaycandan, İkinci Qarabağ müharibəsindən bəhs olunur. Və İkinci Qarabağ müharibəsinin şahidi olan bir jurnalistin gözündə müharibə, Azərbaycanın yaşadığı acılar, qətliam, Ermənistanın vəhşiliyi göstərilir. Bir daha deyirəm, bu, tarixdə bir fakt, bir dəlil kimi qalacaq, bundan özəl heç nə ola bilməz.

Filmi mənim adımla əlaqələndirməyin, ekran əsərinin adını mən qoymadım, belə bir filmin çəkilməsini də mən istəmədim.

- Filmin rejissoru Tahir Tahiroviç sizə film təklifi edərkən utanaraq qəbul etmisiniz ki, mən nə etdim... Azərbaycan xalqı sizi çox sevir və film təklifini qəbul etdiyiniz üçün təşəkkür edirik.

- Bəli, insanlar mənimlə foto çəkdirərkən belə utanıram. Filmin rejissoru Tahir Tahiroviçdən film təklifi gələn zaman qəbul etdim. Var gücümüzlə, canlı yayımlarda, xəbərlər proqramında Azərbaycanda İkinci Qarabağa müharibəsində hər şeyi əskiksiz təqdim etdik.

Mən demirəm ki, filan xəbəri vermədik, elə bir hadisə qalmadı. Hər yerə getdik, bütün şəhərlərdə olduq. Biz həqiqətən canımızı ortaya qoyduq. Sadəcə mən deyil, Türkiyədən gələn və Azərbaycandan olan jurnalist dostlarımız da elə idi.

Hətta AzTV-nin əməkdaşı Elnur Tofiq ermənilərin atəşinə məruz qaldı və yaralandı. O zaman Elnur qardaşıma yaxınlaşıb, haqqında canlı yayım təqdim etdim. "Müharibədə jurnalistlər də hədəfə alınır" deyərək Elnurla canlı yayım etdim. Onun sürücüsü yaralandı, avtomobili pis vəziyyətə düşdü. Beləliklə, jurnalistlərə, mülki şəxslərə hücum oldu, təqdim etdik. Uşaqlar öldü.

Müharibədə bütün hadisələri gücümüz çatan qədər təqdim etdik. Bu sənədli film 50 dəqiqəlikdir. 50 dəqiqəlik sənədli filmdə bu coğrafiyada, İkinci Qarabağ müharibəsində azərbaycanlıların yaşadığı acılar təqdim ediləcək. Film mənim şəxsi həyatımdan bəhs eləmir.

- Şuşa azad edilərkən koronavirusa yoluxduğunuz üçün oraya gedə bilmədiniz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı və filmin çəkilişləri ərəfəsində Şuşaya getdiniz. Təəssüratlarınızı bizimlə bölüşməyinizi istərdik.

- Şuşa çox gözəl şəhərdir. Qarabağın bütün şəhərlərinə - Laçına, Ağdama, Cəbrayıla, Füzuliyə, bir sözlə, hamısına getmişdim. Şuşa şəhərini çox görmək istəyirdim. Hətta Şuşanın işğaldan azad edildiyini bir əsgərin dilindən eşitmişdim, "çörək aparıram" deyincə şok içində çox sevinmişdim və təəccüblənmişdim. Şuşanı görmək arzum idi. Çünki çox insanlar mənə bu şəhər haqqında danışmışdılar. Beləliklə, getdim, şəhəri gördüm.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı ziyarət etmək də qismətim oldu. Şuşa başqa bir şəhərdir, Azərbaycanlıların Şuşanı xüsusi qeyd etməsinin səbəbini oraya gedəndə başa düşdüm. Şuşanı görmək çox xoş oldu. Allah bir daha getməyi qismət etsin.

- Fulya xanım, müsahibələrinizin birində Güney Azərbaycanlı olduğunuzu qeyd etmisiniz.

- Biz Adanalıyıq, ana tərəfim qarışıqdır. Dayım mənə dedi ki, səni Azərbaycana tarix apardı. Belə bir söz var, "Türk, gözləniləndir. Azərbaycanlılar sənin köklərindir".

Dayım Təbrizdən olduğumuzu deyir. Hər zaman deyir ki, azərbaycanlılar sənin qardaşlarındır, kökünə qovuşdun.

- Sizin Vətən müharibəmizdə Azərbaycana gəlişiniz necə baş tutdu?
Qərar necə verildi?

- Mən xaraktercə unutqan insanam, amma Qarabağla bağlı heç nəyi unutmadım. 27 sentyabr 2020-ci il bazar səhərini də unutmuram. Həmin gün "CNN-Türk" kanalında işləyirdim. Ermənistan tərəfindən Azərbaycana hücum başlamışdı, nə baş verir deyə dərk etməyə çalışırdım.

"CNN-Türk"ün xəbər müdiri İdris Arıkan ilə müzakirə apardıq. Həmin gün Türkiyənin Şırnaq əyalətinə gedəcəkdim, Türkiyənin terrorla mübarizəsini çəkmək və PKK dosyesi hazırlayacaqdım. Üzərində çox işləmişdim və Şırnaq əyalətinə getməyə məcbur idim, amma qəlbim Azərbaycanda idi.

Şırnaq əyalətindən qayıtdıqdan sonra xəbər müdirimizdən soruşdum ki, Azərbaycana nə zaman gedəcəm, mənin göndərəcəksinizmi? Onların da mənə sonsuz güvən hissləri var idi. Şırnaqdan qayıtdıqdan sonra yorğun olmağıma baxmayaraq Azərbaycana gəldim və 40 gün burada qaldım.

- Şuşada yaşamaq istəyərsinizmi?

- Bəli, Şuşada yaşamaq istəyərəm. Çox gözəl şəhərdir. Deyirlər ki, Şuşa Uludağa bənzəyir, çox gözəl təbiəti var.

- Azərbaycan xalqı sizi çox sevir. Sizi görən zaman sevgilərini hansı sözlərlə ifadə edirlər?

- Məni çox sevdiklərini bildirirlər, çox utanıram. Çox sağ olsunlar. Bəli, mən Azərbaycanda bir jurnalist olaraq vəzifəmi yerinə yetirdim, amma baş verənlərə soyuqqanlı qalmadım, hisslərimi büruzə verməkdən çəkinmədim. Buna görə insanların qəlbində yer tapdım. İnsanlar mənimlə söhbət etmək istəyirlər, foto çəkdirmək və çox sevdiklərini bildirirlər. Çox utanıram və insanlara təşəkkür edirəm.

Mənə qəhrəman deyirlər, təbii ki, qəhərmanlar bizim əsgərlərimiz və şəhidlərimizdir. İkinci Qarabağa müharibəsində şəhidlərimiz var. Qəhrəmanlarımız şəhidlərimizdir! Biz yalnız Azərbaycanlıların yaşadığı acıları göstərmək üçün burada idik.

- Xalqımıza Azərbaycan dilində nə demək istərsiniz?

- Hamınızı öpürəm, hamınızı sevirəm...

Foto: Pərviz Həşimi