Ermənistan xalqı anladı ki... - Soltan Zahidov

21 İyun 2021 18:50 (UTC+04:00)

Sarkisyanın “Şərəfim var” blokunun qalib gəlmək ehtimalı onsuz da böyük deyildi. Seçkilərdən öncə aydın idi ki, əsas rəqabət iki blok arasında gedəcək: baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” və keçmiş prezident Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku. Seçkilərdən əvvəl Ermənistan exitpolları son bir ayda Koçaryan blokunun reytinq yığdığını göstərirdi. Koçaryan 28, Paşinyanın bloku isə 25 faiz reytinq qazanmışdı. Lakin kütləvi mitinqlər və Ermənistanda hökm sürən sosial-siyasi mühit onu göstərirdi ki, Paşinyan rəqiblərlə müqayisədə qat-qat üstündür. Bu da seçkilərdə bir daha təsdiqləndi.

Publika.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

Ekspert bildirib ki, Paşinyanın bloku 53, 8 faiz səslə qələbə qazandı, Koçaryanın “Ermənistan” bloku ikinci yerdə 21 faizlə ikinci yerlə kifayətlənməli oldu.

“Bu o deməkdir ki, parlamentdə Koçaryan bloku 27, Paşinyanın bloku isə 70-dən çox deputatla təmsil olunacaq. Səsvermədə ümumi vətəndaşların 50 faizində də azı iştirak etmişdi. Bu fakt ilkin mənzərini formalaşdırır. Ermənistanda səsvermə iqtidarına sahib olanların yarısı prosesdə iştirak etməkdə maraqlı deyil. Kimin gəlməyindən asılı olmayaraq, Ermənistanda ciddi dəyişiklik olmayacaq.

Paşinyanın blokunun qalib gəlməsi onu göstərir ki, səs verən erməni xalqının əksəriyyəti artıq revanşist hisslərə deyil, müəyyən mənada bölgədə sülhün və barışığın təmin olunmasının tərəfdarıdır. Bilirik ki, Koçaryanın blokunda kifayət qədər keçmiş mühafizəkarlar dəstəsi, Qarabağ klanının üzvlərindən var idi. Hətta Koçaryan özü səsləndirmişdi ki, Şuşanın, Hadrutun Azərbaycanın əlində olması ədalətli deyil. Erməni xalqı anladı ki, revanşist hisslərlə yenidən müharibəyə başlamaq və o əraziləri geri qaytarmaq ümumiyyətlə, mümkün deyil. Bu, Ermənistandakı sosial-siyasi vəziyyəti daha da aşağı sala bilər”.

S.Zahidov əlavə edib ki, Paşinyan artıq Azərbaycandan alacağı dərsi alıb, ikinci Qarabağ müharibəsində məğlubiyyətə uğradılıb:

“Artıq başa düşür ki, odla oynamaq olmaz. Ən əsası Üçtərəfli bəyanatı Paşinyan imzalayıb. Odur ki, Paşinyanın bu bəyanatın müddəalarını yerinə yetirmək ehtimalı daha böyükdür, nəinki Robert Koçaryanın. Paşinyanın qələbə qazanması ilk növbədə Ermənistan xalqının vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır. Koçaryan rejimindən xalq çox böyük əziyyətlər gördü, Azərbaycana qarşı isə işğal siyasətini davam etdirdi”.

Ekspert yekunda bildirib ki, Ermənistanın regiondakı iqtisadi enerji layihələrindən kənarda qalmasının səbəbi işğalçılıq siyasəti idi.

“Bu cür siyasət yürüdən Ermənistan sözsüz ki, regiondakı layihələrdə iştirak edə bilməzdi. Azərbaycan layihələrin təşəbbüskarı olaraq bilərəkdən Ermənistanı kənarda qoydu. Torpaqlarımızı işğal edən dövlətlə hər hansı bir platformada əməkdaşlıq edə bilməzdik. Ermənistanın iqtisadi zəifliyinə səbəb olan amillər həm regiondakı layihələrdən təcrid olunması, həm də Türkiyə və Azərbaycan tərəfindən bloklanmasıdır. Ermənistanın Azərbaycan qarşısında tab gətirə bilməməsinin səbəblərindən biri də o oldu ki, kifayət qədər resursları və hərbi qüdrəti yox idi”.

Aytən Məftun