Azərbaycan çox sevdiyim ölkələr sırasındadır - Ramberqlə MÜSAHİBƏ

22 İyun 2021 18:11 (UTC+04:00)

Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.

Publika.az xəbər verir ki, əhəmiyyətli tədbir Norveçdə fəaliyyət göstərən CAN təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir.

Tədbir bir çox ölkələrin ictimai, siyasi xadimlərini, səfirlərini bir araya toplayır. Sərgini maraqla izləyənlər sırasında qardaş Norveçin Azərbaycanda keçmiş fövqəladə və səlahiyyətli səfiri Con Ramberq də var.

Həmsöhbətimiz cənab Con Ramberqdir.

- Cənab Ramberq, 2006-2010-cu illər ərzində Norveçin Azərbaycandakı səfiri kimi fəaliyyət göstərmisiniz. Azərbaycan xatirinizdə necə qalıb?

- Bəli, bir müddət Azərbaycanda yaşayıb, diplomat kimi çalışmışam. Azərbaycan çox sevdiyim ölkələr sırasındadır. Elə bu sərgi də ötən illərə unudulmaz səyahət oldu. Məni sevindirən bir məqam da odur ki, Tur Heyerdalın adı Azərbaycanda hər zaman rəğbətlə qarşılanır. Çünki o, Azərbaycanın özünəxas mədəniyyətini, tarixini təbliğ edən alimlər sırasındadır. Nəinki bizim ölkələrimizi, eləcə də dünya xalqlarını bir-birinə bağlayan körpülər qurub.

Pandemiya müddətində ölkələr arasında sərhədlərin daha da sərtləşdiyinin şahidi olduq. Doğrudur, hər bir dövlət öz sərhədlərinin təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Lakin mədəniyyət, folklor heç bir hüduda sığmır. Təbliğ etdikcə, tanıtdıqca dünya insanının bir kökdən gəldiyini, sülhün vacibliyini bir daha sübut edir.

Düşünürəm ki, Tur Heyerdalın əsas özəlliyi də bu idi. Bugünkü sərgidə isə həm Heyerdalın, həm də onun əsas amalının rəhbər tutulması önəmli simvolikadır.

- Səfir kimi fəaliyyət göstərdiyiniz dövrdə Oslo Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında bir sıra əməkdaşlığın qurulmasına nail olmuşdunuz. Bu layihəni xatırlayırsınızmı?

- Əlbəttə. Ümumiyyətlə, düşünürəm ki, ən əlverişli əməkdaşlıq təhsil sahəsində baş tutur. Odur ki, bu iki təhsil sisteminin ortaq nöqtədə görüşməsi, dillərin dialoqu mənim üçün çox önəmli idi. Həmçinin layihəyə rəhbərlik etdiyim dövrdə bir çox azərbaycanlı tələbə Oslo Universitetində skandinav və digər dilləri öyrənmək, peşəkar təhsil almaq imkanı da qazanmışdı.

Xüsusən də Norveç kralının portreti təsvir olunmuş xalçanı çox bəyəndim. Azərbaycanın Xalça Muzeyi bu baxımdan orijinaldır. Mənim evimdə də bir neçə xalça var. Çünki xanımımın da sənətin bu növünə xüsusi marağı var. Ümid edirəm, pandemiyadan sonra ölkənizə yenidən səfər edib, bir sıra gəzib-görməli məkanlarda olacam. Dediyim kimi, sərgini çox bəyəndim. Yenidən Azərbaycana dönüb gözəlliklərə şahid olmaq istərdim.

Leyla Sarabi