Prezident Moskva və İrəvana ismarış verdi ki... - Şərh

9 İyul 2021 14:07 (UTC+04:00)

Azərbaycanın iqtisadi rayonları çox düzgün və müxtəlif amilləri nəzərə almaqla ixtisaslaşdırılır, bölgüsü aparılır. Bu bölgü əsasında Azərbaycan bölgələrinin idarəedilməsi işi xeyli asanlaşacaq. İdarəetmənin inkişaf dərəcəsi daha da yüksələcək.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Azərbaycan bu fərmanla özünə qarşı törədilə biləcək cinayətlərin qarşısını aldı: “Bundan sonra status məsələsini dilə gətirmək mümkün olmayacaq. Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın yenidən status məsələsini qaldırmaq üçün ruslara yalvarmasına baxmayaraq, Prezidentimiz müdrik hərəkət edərək onları qabaqladı. Moskva və İrəvana ismarış verdi ki, Azərbaycanın belə bir problemi yoxdur və bununla bağlı hər hansı müzakirə aparılmayacaq. Üstəlik, ermənilər yaşayan ərazilərlə azərbaycanlıların yaşadığı ərazilər arasında bir balans tərtib edildi. Bu fərman ermənilərin hər hansı bir referendum keçirmə xəyallarını birdəfəlik məhv etdi”.

Q.Hüseynli bildirib ki, Prezident İlham Əliyevin yeni iqtisadi rayonlar haqqında verdiyi fərman Azərbaycan dövlətinin idarəetmə sistemini təkmilləşdirməklə yanaşı, bölgədə indiyə qədər mövcud olmuş siyasi xarakterli suallara da cavab verdi: “Azərbaycan Respublikasının Prezidenti Şərqi Zəngəzur iqtisadi rayonunu da formalaşdırdı. Şərqi Zəngəzur iqtisadi rayonu kəlməsi onu göstərir ki, vaxtilə bu ərazilər Zəngəzur bölgəsi olub. Sovet hakimiyyəti dövründə bölünərək onun qərb hissəsi ermənilərə verilib. Ümumiyyətlə, Sovet hakimiyyəti illərində Ermənistana bağışlanan torpaqların sayı çoxdur. Onların ümumi həcmi 10 min kvadratkilometrdən artıqdır. Ermənistanla sərhədlərimiz boyunca onlara yalançı şüarlar bəhanə tutularaq verilən torpaqların sayı az deyil. Hər halda biz müharibədən qalib çıxmış və erməniləri öz ərazilərimizdən qovmuş ölkə kimi belə bir möhtəşəm qərar verməklə bu məsələlər ətrafındakı müxtəlif spekulyasiyalara son qoyduq. Eyni zamanda hər hansı üçüncü bir dövlətin bu məsələni müxtəlif beynəlxalq təşkilatlar qarşısında qaldırmaq cəhdlərinin qarşısını aldıq. Onlara xatırlatdıq ki, qaldırmaq istədikləri sərsəm fikirlərin heç bir ideoloji, siyasi əsası yoxdur. Prezidentimizin yeni iqtisadi rayonlar haqqında imzaladığı fərman Azərbaycan dövlətinin idarəetmə sistemini təkmilləşdirməklə yanaşı, bölgədə indiyə qədər mövcud olmuş siyasi xarakterli suallara da cavab verdi”.

Rahib Ələsgərli