Qarabağda məmurlara sui-qəsdlər ola bilər - Trofimçuk

16 Sentyabr 2021 14:43 (UTC+04:00)

Ermənistan bütün vasitələrlə, o cümlədən yeni abidələrin quraşdırılması ilə xalqın döyüş ruhunu “diriltməyə” çalışır.

Publika.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk İrəvanın mərkəzində Osmanlı paşalarını, eyni zamanda Azərbaycan Cümhuriyyəti liderlərini qətlə yetirən terrorçuların şərəfinə qoyulacaq “Nemezis” heykəli barədə danışarkən deyib.

“Lakin burada ciddi problem var: Qaregin Njde şərəfinə ucaldılmış heykəl daxil olmaqla, ermənilərin bütün abidələri ölkənin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin qarşısını ala bilmədi. Dini aspektə varmaq istəmirəm, bu, ayrıca məsələdir, lakin ermənilərin özlərinin dini inancları çərçivəsində dərin, minillik inamı da müharibənin nəticələrinə heç cür təsir etmədi. Bu cür simvollar xalqın ən ağır anlarında mənəvi kömək üçün mövcuddur. Buradan belə nəticə çıxarmaq olar ki, ermənilər "Nemezis" abidəsi vasitəsilə itirdikləri torpaqlara qayıtması arzularına təbii ki, çatmayacaq. Mübarizəni axı daşlar deyil, insanlar aparmalıdır", - ekspert bildirib.

Onun sözlərinə görə, bu gün İrəvan kafelərində dincələn ermənilər yalnız sözdə döyüşmək istəyir: “Bunu İrəvan tərəfindən hərbi revanş və yeni müharibə ilə hədələnən Azərbaycanın nəzərinə çatdırmaq lazımdır. Həqiqi mübarizə etmək istəyənlər abidələrə vaxt sərf etmir və yalnız qalibiyyətdən sonra heykəl barədə düşünür. Məlum olduğu kimi, "Nemezis" əməliyyatı Nemezida adlı yunan qisas tanrısı şərəfinə adlandırılıb. Bunu nəzərə alaraq, İrəvanda müvafiq abidənin quraşdırılması layihəsi bir qədər qəribə və absurd görünür. Axı nə ermənilərə, nə də azərbaycanlılara aidiyyəti olmayan bütün kənar müşahidəçilər aydın görürlər ki, İkinci Qarabağ müharibəsi ötən əsrin 80-90-cı illərində Azərbaycan xalqına qarşı törədilmiş qanlı hadislərin qisasıdır. Yəni, bu abidəyə oxşar simvollar ermənilərin özlərinə qarşı çıxıb”.

Politoloq qeyd edib ki, Qarabağ bölgəsində bu gün “birdən-birə” dövlət qulluqçularının həyatına qəsd etmək istəyən terrorçular peyda olarsa, bunu qara qisas şərəfinə qoyulmuş abidə ilə əlaqələndirmək olar: “Prinsipcə, bu, regionun bütün ölkələri, o cümlədən Rusiya üçün təhlükəli siqnaldır".