Bu, Rusiya hərbçilərinin təxribatına cavabdır - Elxan Şahinoğlu

17 Sentyabr 2021 12:47 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinqində erməni jurnalistlərin iki sualına cavab verib. Erməni jurnalistlər onlayn formatda verdikləri suallarda həmişəki kimi Zaxarovadan Azərbaycan əleyhinə cavab qoparmağa çalışıblar. “Rusiyanın Azərbaycanın Gorus-Qafan yolunu bağlamasına münasibəti necədir” sualına Zaxarova diplomatik formada cavab verərək Azərbaycanı ittiham etməkdən çəkinərək sadəcə deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsini istəyir və bu məsələdə vasitəçi olmağa hazırdır. Daha sonra yayılan məlumata görə, həqiqətən Moskva sərhədin delimitiasiyası və demarkasiyası məqsədilə təkliflərini Bakıya və İrəvana göndərib.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, Zaxarova ara-sıra ağzından Azərbaycan əleyhinə söz qaçırır:

“Erməni jurnalistin “Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir” sualına Mariya Zaxarovanın cavabı belə olub ki, Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Yəni Zaxarova dolayısıyla demək istəyib ki, Rusiya Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahat olub. Buna baxmayaraq, Mariya Zaxarova erməni mediasının manipulyasiya imkanlarını nəzərə alaraq cavabına bu cümləni də əlavə edib: “Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram”.

Ermənilər istəyərdi ki, M.Zaxarova hər iki suala “Gorus-Qafan yolunun bağlanması doğru deyil, Azərbaycan yolu açmalıdır” və “Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri sülhə və sabitliyə zərbədir” şəklində cavab versin. Zaxarova ara-sıra ağzından Azərbaycan əleyhinə söz qaçırır. Ancaq o, Kremlin siyasətindən kənara çıxa bilməz. Bu siyasət isə bundan ibarətdir ki, Emənistan strateji müttəfiq olsa da, Azərbaycan da tərəfdaşdır və Azərbaycanı qıcıqlandırmaq olmaz. Halbuki, Rusiya hərbçilərinin Qarabağdakı hərəkətləri bizdə qıcıq oyadır, Laçınımızda “pilotsuz uçuş aparatlarına qarşı hərbi təlimləri” münasibətlərə zərbə vurur. Odur ki, Mariya Zaxarova da bilməmiş deyil ki, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Rusiya hərbçilərinin təxribatına cavabdır”.

Aytən Məftun