Onlar bizə qarşı iddia qaldıra bilməz - Politoloq

17 Sentyabr 2021 13:23 (UTC+04:00)

Erməni riyakarlığının həddi-hüdudu yoxdur. Azərbaycan heç vaxt ermənilərə qarşı irqi ayrı-seçkilik aparmayıb. Bu, sadəcə erməni yalanlarından biridir.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Azərbaycan onlara qarşı irqi ayrı-seçkilik aparsaydı, öz ərazisində yaşamasına icazə verməzdi: “Ermənilər Kürdəmir, Şamaxı, Gəncə və digər ərazilərimizdə bu günə qədər yaşayırlar. Azərbaycan kimi millətlərə tolerantlıq göstərən ikinci bir ölkə yoxdur. Ermənilər isə tarix boyu bizə qarşı cinayətlər və soyqırımılar törədiblər. Bu faktları onların siyasi rəhbərliyində işləyənlər də etiraf edib. Onlar həm Qərbi Azərbaycanı, həm də Qarabağ ərazisini işğal edərkən vətəndaşlarımızı xüsusi amansızlıqla qətlə yetiriblər. Ermənilər uşaq, qadın, qoca demədən bütün əhaliyə qarşı soyqırımı törədiblər” .

Q.Hüseynli vurğulayıb ki, ermənilərin bizə qarşı hansı vəhşilikləri törətdiyini hər kəs bilir: “Zori Balayan öz qeydlərində azərbaycanlılara necə zülm etdiyini açıqcasına etiraf edib. Ermənilər vətəndaşlarımızın əzalarını kəsib, dərilərini soyub. Bunları edən millətin bizə qarşı beynəlxalq məhkəmə qarşısında iddia qaldırması üzsüzlükdür. Onlar Xocalıda və Kəlbəcər rayonunun Ağdaban kəndində yaşayan bütün azərbaycanlıları qətlə yetiriblər. Bu soyqırımı siyasəti Qazax rayonunun Bağanis Ayrım kəndində daha dəhşətli formada davam edib. Ermənilər od saçan silahlardan istifadə edərək kəndi içərisində yaşayan sakinlərlə birlikdə yandırıblar. Ermənistanın bizə qarşı irqi ayrı-seçkilik aparmasıyla bağlı əlimizdə yetərincə fakt var. Ancaq biz bu məsələlərlə bağlı beynəlxalq məhkəmələrə bir az gec müraciət etmişik. Bu gün isə ermənilərin bizi irqi ayrı-seçkilikdə ittiham etməsi həyasızlıqdan başqa bir şey deyil. Çünki Azərbaycan tərəfindən onlara qarşı heç bir ayrı-seçkilik olmayıb. Ancaq onlar Qərbi Azərbaycandan vətəndaşlarımızı zorla deportasiya ediblər. Hamilə qadınlara qarşı vəhşiliklər törətmiş bir millət bizə qarşı iddia qaldıra bilməz”.

Rahib Ələsgərov