İranın təlimlərindən təşvişə düşmək lazım deyil

20 Sentyabr 2021 18:25 (UTC+04:00)

“Mövcud beynəlxalq təcrübəyə görə, hər hansı bir ölkə sərhədyanı ərazilərdə hərbi təlimlər keçirməzdən öncə, qonşu dövlətləri XİN vasitəsilə məlumatlandırır. İran da təlimlərlə bağlı Azərbaycanı məlumatlandırıb və bildirilib ki, bu təlimlər Azərbaycana qarşı deyil”.

Amma İranın təlimləri ilə bağlı sual yaranır: Bu təlimlərin keçirilməsində məqsəd nədir? İran kimə əzələ nümayiş etdirir?

Bu məsələ ilə bağlı millət vəkili, politoloq Rasim Musabəyovun fikrini öyrəndik.

Deputat Publika.az-a açıqlamasında bildirdi ki, İranın Arazın digər tərəfində keçirdiyi təlimlərdən təşvişə düşmək lazım deyil:

“İranın Ermənistanla sərhəddi kiçikdir və orada hər hansısa təlim keçmək qeyri mümkündür. Azərbaycan da təlimlər keçirir, amma bu İrana qarşı deyil. Onların da həyata keçirdiyi təlim bizə qarşı deyil və bunu şişirtməyə ehtiyyac yoxdur. Çünki sərhəddə bu cür təlimlər keçirilməmişdən əvvəl adətən qonşu dövlətlərdə xəbərdar edilir. Biz onlardan bu təlimlərin niyə keçirildiyini soruşmuşuq və onlarda bunun bizimlə bir əlaqəsi olmadığını bildirib. Bu təlimlərin Azərbaycanla əlaqəsi yoxdursa, təşvişə düşmək lazım deyil”.

Rahib Ələsgərov