Birgə hərbi təlimlər buna hesablanıb - Ağar AÇIQLADI

22 Sentyabr 2021 10:03 (UTC+04:00)

Azərbaycan və Türkiyə Naxçıvanda "Sarsılmaz qardaşlıq-2021" təlimlərinə başladı. Araz çayı üzərində bayraq dəyişdirmə mərasimi də gerçəkləşdi. Rəsmi Bakı və Ankara bildirir ki, təlim iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsasən baş tutur.

İndi sual olunur: Birincisi, bu hərbi təlimlər kimlərə siyasi ismarışdır? Yəni bu təlimlərin pərdəarxası ismarışları nələrdir?

Suallarımızı şərh edən Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Publika.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan Naxçıvanda dəfələrlə birlikdə hərbi təlimlər keçirib:

"Əlbəttə, Naxçıvandakı birgə hərbi təlimlərin siyasi ismarışları mövcuddur. Çünki bütün hərbi təlimlər iradə nümayişidir. Eyni zamanda gücün göstəricisidir. Bizim qarşımızda olanlara da bir ismarışdır. Eləcə də qarşı tərəfin fikirlərini yayındırmaqdır. Yəni mənim qüdrətim, qabiliyyətim və silahlarım budur. Onsuz da bu hərbi təlimlərin pərdəarxası siyasi mesajları var. Bundan başqa, son dönəmlər regionda da bir həssaslıq mövcuddur. Azərbaycan-Türkiyə-Pakistan ordularının birgə hərbi təlimlərindən sonra İran da buna cavab olaraq Azərbaycanla sərhəd bölgələrdə hərbi təlimlərə başladı. Təbii olaraq, İranın keçirdiyi hərbi təlimlər ağlımıza ilk olaraq bunu gətirir – bu hərbi cəmləşmə üç dövlətin keçirdiyi təlimlərə cavabdırmı?! Qeyd etmək lazımdır ki, hərbi təlimin planlaşdırılması anlıq, qısa müddəti, zamanı əhatə edən bir məsələ deyil".

Abdullah Ağarın fikrincə, silahlı qüvvələrimizin, dövlətlərimizin birgə fəaliyyəti qısa zamanı əhatə etmir:

"Düşünürəm ki, İranın Azərbaycan sərhədindəki hərbi təlimləri sadəcə təvafüqdür. Çünki bu cür təlimlər ən azından bir ay əvvəl planlaşdırılır. Bir il ərzində bütün hərbi təlimlərin illik planı tutulur. Keçirilən birgə hərbi təlimlərdə Türkiyə və Azərbaycan öz qardaşlıq iradələrini ortaya qoydu. Bu nöqtədə Şuşa Bəyannaməsi başda olmaq üzrə geostrateji müstəvidə özünü göstərir. Bu, İrana, Ermənistana düşmən münasibətin olması demək deyil. Bu təlimlər, bu birgə fəaliyyət bizə qarşı düşmən olanlara qarşılıq verməkdir. Yəni bizə düşmən olmadıqları müddətdə heç bir problem yoxdur. Əgər düşmən münasibət sərgiləyərlərsə və ya düşmənçilik edərlərsə, o zaman bu, onların prizmasından problem var deməkdir".

Tural Turan