Paşinyanın “2-ci erməni dövləti” haradır? - Deputat açıqladı

23 Sentyabr 2021 15:06 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də sərsəmlədi. Onun növbəti sərsəmləməsi ölkəsinin olmayan “müstəqillik” gününə təsadüf etdi. Nikol Vovayeviç yenə də “iki erməni dövləti, Ermənistan və “artsax” yaşadıqca...” ifadələrini işlətdi. O, təşkil etdiyi düşük bayram şənliklərində yenə də Azərbaycanın ərazi bütövlüyünə “barmaqarası” baxdı.

Nikol Paşinyanın bu cür sərsəm, qeyri-konstruktiv, qeyri-adekvat addımları Bakını yenidən hərəkətə keçirəcəkmi? Azərbaycan ikinci dəmir yumruğunu Ermənistanın başına endirə bilərmi?

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Publika.az-a açıqlamasında deyib ki, dünya Ermənistanın baş nazirinin ziddiyyətli fikirlərinə artıq öyrəşib:

“Çox güman ki, Nikol Paşinyan bu dəfə də öz istəklərini ifadə edərkən sadəcə olaraq məkanı səhv salıb. Yəni, məkanı çaşdırıb. Mənə elə gəlir ki, Paşinyan Qarabağı yox, Los-Anceles, Marsel və Krosnodarı nəzərdə tutub və ona görə də bu fikirləri səsləndirib. Çünki onların bu şəhərlərlə bağlı həmişə iddiaları olub.

Qaldı ki, Azərbaycanın ikinci dəfə Ermənistanın başına dəmir yumruq endirməsinə, mənə elə gəlir ki, Ermənistanda yumruq endirməyə baş qalmayıb. Ona görə də növbəti zərbəni endirmirik”.

Tural Turan