Bu, çox böyük bir qiymətdir - Musa Quliyev

24 Sentyabr 2021 12:07 (UTC+04:00)

BMT Baş Assambleyasının 76-cı sessiyasında cənab Prezidentin çıxışı ən parlaq çıxışlarından biri kimi qiymətləndirilə bilər. Ölkə başçısı həm koronavirusla mübarizə sahəsində görülən işlər barədə, həm regionun gələcəyi, həm də Qarabağ konfliktinin tarixə qovuşması barədə çox tutarlı dəlillərlə BMT sessiya iştirakçılarını və bütün dünyanı məlumatlandırdı.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev açıqlamasında bildirib. O qeyd edib ki, dövlət başçısının çıxışında mühüm yerlərdən birini koronavirusla mübarizə sahəsində Azərbaycanın gördüyü işlər və dünya birliyinə verdiyi töhfələr öz əksini tapıb:

“Prezident İlham Əliyev söylədi ki, biz koronavirusla mübarizəyə başlayan gündən xüsusilə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqədə işləyirik və uğurlu nəticələr əldə olunub. Koronavirusla mübarizədə ÜST Azərbaycanı nümunəvi ölkə kimi qeyd edib. Bu, çox böyük bir qiymətdir. Eyni zamanda virusla mübarizədə vətəndaşların sosial müdafiə, tibb və iş yerlərinin qorunub saxlanılması ilə sahibkarlara dəstək məqsədi ilə dövlət büdcəsindən vəsaitlər xərclənib. Bundan başqa, 10 milyon dollar ÜST-yə ianə olunub. Azərbaycan 30-dan çox yoxsul ölkəyə humanitar yardım göstərib. Azərbaycan Cənubi Qafqazda və regionda vaksinasiyanı uğurla başlayan və uğurla davam etdirən ölkələrdən biridir. Bu gün Azərbaycanda əhalinin böyük əksəriyyətinin vaksinasiya prosesi uğurla davam etdirilir. Yəqin ki, qısa müddət ərzində biz vaksinasiyada olduqca yüksək nəticələr əldə edəcəyik. Koronavirusla mübarizədə sərt karantin rejimindən daha yumşaq rejimə keçməyimiz bu sahədə görülən parlaq işlərin nəticəsidir.

Eyni zamanda Prezident İlham Əliyev vaksin millətçiliyi məsələsinə toxunmaqla bir daha dünya birliyi ölkələrini koronavirusla mübarizədə ədalətli mövqe sərgiləməyə səslədi və yoxsul ölkələrə dəstək verməyə dəvət etdi. Zəngin ölkələri bu sahədə monopolist niyyətlərdən əl çəkməyə çağırdı. Sözsüz ki, bu da ümumbəşəri humanist niyyətdir və bütün dünya dövlətləri tərəfindən müsbət qarşılanacaq bir çağırışdır”.

Musa Quliyevin sözlərinə görə, Qoşulmama Hərəkatının sədri olaraq BMT-yə verdiyi təklif və tövsiyələri ilə ötən ilin 3-4 dekabrında təşkilatın koronavirusla mübarizəsinə həsr olunmuş xüsusi sessiyasının çağırılması cənab Prezidentin və bütövlükdə ölkəmizin dünya miqyasında nüfuzunun artmasının göstəricisidir: “Bu da Azərbaycana şərəf gətirən addımdır. Bütövlükdə ölkə başçısının dünənki çıxışında qarşıya qoyulan məsələlər - istər ekoloji təhlükəsizliyin qorunması, istərsə yaşıl enerjinin genişləndirilməsi və inkişafı ilə bağlı, istərsə də işğaldan azad olunmuş ərazilərin bərpası dünya dövlətləri tərəfindən dəstəklənən çağırışlardır. Bir daha cənab Prezident dünya dövlətlərini Azərbaycanın işğaldan azad olunmuş rayon və kəndlərinin bərpasında yaxından iştirak etməyə dəvət etdi və investisiya qoymağı təşviq etdi. Hesab edirəm ki, Prezidentin bu çıxışı BMT-nin üzv dövlətləri tərəfindən incələnəcək, dəqiq qiymətləndiriləcək və gələcəkdə region üçün bir platforma rolunu oynayacaq”.

Aytən Məftun