Ermənilərin belə fikirləri varsa, deməli... – Musabəyov

24 Sentyabr 2021 12:45 (UTC+04:00)

Ölkə başçısı İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etdi. Prezident bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan yalnız Ermənistanın işğalçı ordusunu deyil, həm də erməni faşizmini məğlubiyyətə uğradıb.

Ölkə başçısı BMT-nin tribunasında Ermənistana növbəti dəfə xəbərdarlıq etdi. Prezident xüsusi olaraq vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə yenidən təhlükə olacağı təqdirdə, rəsmi Bakı tərəddüd etmədən özünümüdafiə hüququndan istifadə edəcək, yenə də dəmir yumruqla Ermənistanın başını əzəcək.

Milli Məclisin deputatı Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, ölkə başçısının BMT-nin sessiyasında Ermənistana xəbərdarlığı yerində səsləndirilmiş fikirdir:

“Əgər Ermənistanın liderlərini dinləsəniz, görərsiniz ki, deyirlər ki, biz yenidən ordumuzu qurmalıyıq, onu möhkəmləndirməliyik. Bu o deməkdir ki, ermənilər yenidən Azərbaycana qarşı təxribatlara əl ata bilərlər. Hətta söyləyirlər ki, bütün itirilmiş torpaqları qaytarmalıdırlar. Belə bir fikirləri varsa, deməli təxribat təhlükəsi hələ sovuşmayıb”.

Deputat bildirib ki, bu gün bilavasitə olmasa da, gələcəkdə Ermənistanın təxribatlar törətməsi mümkündür:

“Ona görə də cənab Prezident xəbərdarlıq edir ki, sonra deməsinlər ki, bu “yazıq” erməniləri növbəti dəfə çırpdınız. BMT-nin nizamnaməsinin 51-ci maddəsi var. Bu bənddə hər bir dövlətə səlahiyyət verilir ki, əgər sənin ölkənə qarşı təcavüz və işğal faktı varsa, sən hərbi müqavimət göstərə bilərsən. Heç kim burada nəsə axtarmamalıdır. Ermənilər yenidən bizim suveren ərazilərimizə qarşı təxribata əl atarsa, beynəlxalq hüquqa əsasən biz onlara cavab verməliyik”.

Tural Turan