Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: güclü külək əsəcək, leysan, sulu qar yağacaq

24 Sentyabr 2021 14:18 (UTC+04:00)

Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.