Şəhidlərimiz haqda məlumatlar Memorial.az saytında

28 Sentyabr 2021 15:44 (UTC+04:00)

Memorial.az Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş bütün şəhidlərimiz haqqında olan məlumatların mərkəzləşmiş qaydada bir yerdə toplanacağı saytdır.

Publika.az xəbər verir ki, saytın yaradılmasında əsas məqsəd şəhidlər barədə vahid data bazanın yaradılması, şəhidlərimizin xatirəsinin bir irs kimi qorunub saxlanılması və inkişaf etdirilməsi, onların şəxsiyyətlərinin əbədiləşdirilməsi və yayılması, nəsildən-nəslə ötürülməsidir. Şəhidlər haqqında müxtəlif media orqanları müxtəlif materiallar yerləşdirsə də, bu, sistemli deyil, pərakəndə xarakter daşıyır, bütün şəhidləri əhatə etmir. Memorial.az həmin pərakəndəliyi aradan qaldırmağa xidmət edəcək.

Bəzi şəhidlərin haqqında geniş danışıldığı halda, digərləri diqqətdən kənarda qalır. Məsələn, hazırda KİV-lərdə təxminən 1500-ə yaxın Vətən müharibəsi şəhidi haqqında materiallar gedib. Digərləri diqqətdən kənar qalıb. Bundan başqa, bir sıra hallarda məlumatlar arasındakı əlaqə, bağlılıq itir. Müxtəlif mənbələr şəhidlərin vəfat tarixi, şəraiti ilə bağlı fərqli məlumatlar dərc edirlər. Burada KİV-lərdən götürülən məlumatlarla yanaşı, barəsində məlumat getməyən şəhidlər barədə orijinal yazılar və videolar da hazırlanır.

İlkin mərhələdə sayt Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi şəhidlərini əhatə edəcək. Materiallar hazırda Azərbaycan dilində hazırlanır və yerləşdirilir. Sonradan onların paralel olaraq rus və ingilis dilinə tərcüməsi həyata keçiriləcək. Növbəti mərhələlərdə 2016-cı il hərbi qulluqçusu olan şəhidlərin, atəşkəs dövrünün hərbi qulluqçusu olan şəhidlərin, Birinci Qarabağ müharibəsinin hərbi qulluqçusu olan şəhidlərin, Ermənistan-Azərbaycan münaqişəsi gedişində həlak olmuş hərbi qulluqçu olmayan mülki şəhidlərin məlumatlarının sistemləşdirilərək yerləşdirilməsi nəzərdə tutulur.

Memorial.az-da şəhidlərimiz bir neçə bölmə üzrə qruplaşdırılıb: “Qəhrəmanlarımız” bölməsində əlifba sırası ilə bütün şəhidlər, keçdikləri döyüş yolu haqqında məlumatlar yerləşdirilib. “Təltiflər” bölməsində şəhidlər aldıqları medallara görə qruplaşdırılıblar. Burada hər medalın təsviri və ona layiq görülən şəhidlərin siyahısı verilir. “Axtarış” bölməsində bir neçə kriteriyaya görə (ad, soyad, ata adı, doğum və şəhadət tarixləri və s.) onları axtarmaq mümkündür. Saytda əks əlaqə imkanları yaradılıb - Əgər hansısa şəhid haqqındakı məlumatda qeyri-dəqiqlik və natamamlıq varsa, onun yaxınları, oxucular redaksiya ilə əlaqə saxlayaraq fikirlərini bildirə biləcəklər.

Saytın rus və ingilis dillərində fəaliyyət göstərəcəyi də nəzərdə tutulur. Sayt hazırlanarkən Birinci və İkinci Dünya müharibəsində həlak olan insanlarla bağlı yaradılan analoji layihələrə, Rusiya, Avropa ölkələri və ABŞ təcrübəsinə baxılıb.