Suraxanı dairəsində AĞIR QƏZA: 5 nəfər öldü, 13 nəfərin vəziyyəti ağırdır - YENİLƏNDİ (VİDEO)

13 Oktyabr 2021 08:56 (UTC+04:00)

Video əlavə olunub.

xxx

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Qeyd olunub ki, xəsarət alan 13 nəfərin vəziyyəti ağırdır:

“Polis əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılıb. Hazırda yolun nəqliyyat vasitələri üçün açılması istiqamətində lazımi işlər görülür”.

3 saylı Kliniki Şəhər Xəstəxanasından “Report”a verilən məlumata görə, xəstəxanaya 16 nəfər gətirlib. Onlardan 2 nəfər hazırda əməliyyat olunur, 4 yaralı reanimasiyaya yerləşdirilib. 10 nəfər vəziyyəti yüngüldür və sarğı edilib. ("Report")

xxx

08:12

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Mərədkan istiqamətində hərəkət olan 99 DH 343 DQN-lı “Shacman” markakı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.