Bu strateji planda İtaliyanın çoxşaxəli iştirakı olacaq - Deputat

13 Oktyabr 2021 18:09 (UTC+04:00)

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi.

Dövlət başçısı İtaliyanın Vətən müharibəsi dövründə Azərbaycana siyasi dəstək verməsinə də toxundu. Prezident vurğuladı ki, dost ölkə kimi İtaliya şirkətləri hazırda işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə yaxından cəlb olunub.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycan-İtaliya münasibətləri yüksək səviyyədədir: “İtaliya Azərbaycanın Avropa İttifaqında iqtisadi sahədə əsas tərəfdaşıdır. Bizim əməkdaşlığımız çoxşaxəli xarakter daşıyır. 44 günlük Vətən müharibəsi zamanı İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Müharibədən sonra Qarabağın bərpası, iqtisadi sistemlərin formalaşması istiqamətlərində İtaliya Azərbaycanla çox geniş şəkildə əməkdaşlıq edir. Mən əminəm ki, bu əməkdaşlıq tədricən artacaq və şaxələnəcək. Hazırda İtaliya Azərbaycanla birgə Avropanın enerji təhlükəsizliyində də çox böyük rol oynayır. Bizim münasibətlərimizin humanitar sahədə - söhbət təhsildən, mədəniyyətdən gedir - böyük perspektivi mövcuddur. Bütün sahələrdə əməkdaşlıq üçün çox böyük imkanlar var. Bu imkanlar ölkələrimizi birləşdirir. Eyni zamanda bizim gələcəyə ümidlə baxmağımıza şərait yaradır. Gələcəyə doğru uğurlu addımlayacağımız yolda İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biridir”.

Deputat bildirib ki, Böyük qayıdış layihəsində infrastruktur və təbiəti qoruyaraq yeni, müasir sistemləri formalaşdırmaq istiqamətində Azərbaycan bir sıra işlər həyata keçirir:

“Bu strateji planda İtaliyanın çoxşaxəli iştirakı olacaq, mən buna əminəm. Burada bir məsələ də çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan mədəniyyəti hər zaman öz mədəniyyəti və yeni dünya mədəniyyəti ilə sintezi nəticəsində yeni dəyərlər formalaşdırıb. Ümidvaram ki, bizim mədəni paytaxtımız gələcəkdə İtaliyanın zəngin mədəniyyəti ilə əməkdaşlıq edərək bir sıra dünya səviyyəli tədbirləri birgə keçirə bilər. İncəsənətlə bağlı onu da qeyd edə bilərəm ki, bu gün İtaliyanın bu sahədə - əsasən dizayn üzrə olan təhsil müəssisələri öz qapılarını gənc, istedadlı Azərbaycan tələbələri üçün açır. Mən əminəm ki, İtaliya ilə mədəniyyət və təhsil sahəsindəki əməkdaşlıq bilavasitə Qarabağda açılan universitetlərə, işğaldan azad edilmiş ərazilərdə açılan peşə təhsili məktəblərinə öz mühüm töhfələrini verə bilər. Orada təhsilin inkişafına gətirib çıxarar”.

Tural Turan