Çavuşoğlu "Taliban" nümyəndə heyəti ilə görüşdü

14 Oktyabr 2021 19:36 (UTC+04:00)

Əfqanıstan müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Publika.az xəbər verir ki, Ankarada Türkiyə və Əfqanıstan heyətləri arasında görüş keçirilib.

Görüşdə Türkiyə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu rəhbərlik edib.

Türkiyə XİN rəhbəi bildirib ki, "Taliban" ölkədə birlik və bərabərlik istəsə, Əfqanıstanda hərtərəfli bir hökumət qurmalıdır:

"Danışıqlar zamanı Türkiyə tərəfi bir daha qızların təhsili və qadınların iş həyatına inteqrasiyası ilə bağlı tövsiyələrini verib. "Taliban" öz növbəsində Ankaradan humanitar yardım göstərməyə və Əfqanıstana sərmayə qoymağa davam etməsini istəyib".

Çavuşoğlu əlavə edib ki, nümayəndə heyətinin üzvləri əfqan qaçqınlara vətənlərinə qayıtmaq istədikləri təqdirdə hər cür dəstək vermək niyyətində olduqlarını ifadə ediblər.

Bildirilir ki, Əfqanıstan heyəti Rusiyaya da səfər edəcək.

Qeyd edək ki, hazırda Əfqanıstan müvəqqəti hökumətinin qarşısında başlıca vəzifə kimi dünya birliyi tərəfindən tanınmaq məsələsi dayanır.