Vəkili Arif Hacılının əfv müraciəti yazması xəbərinə aydınlıq gətirdi

21 May 2012 15:33 (UTC+04:00)

Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının əfv ərizəsi yazacağı ilə bağlı xəbərlərə məhbusun vəkili Nemət Kərimli aydınlıq gətirib.

Vəkili Publika.Az-a açıqlamasında deyib ki, mayın 20-də 16 saylı cəzaçəkmə müəssisəsində Arif Hacılı ilə görüşüb. Görüşdə əfv müraciəti müzakirə olunmayıb: “Arif Hacılının əfv müraciəti heç vaxt müzakirə obyekti olmayıb. Sonuncu görüşümüzdə də tamam başqa məsələlər barədə danışdıq”.

Arif Hacılı ötən il aprelin 2-də İctimai Palatanın Bakı şəhərinin mərkəzində keçirdiyi icazəsiz aksiyada həbs olunub, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Arif Hacılı mayın 17-də prezidentə müraciət edib. O, müraciətində 2011-ci il 12 mart və 2 aprel aksiyalarının əsas təşkilatçısı olduğunu və həmin aksiyalara görə həbs olunan digər şəxslərin azadlığa buraxılmasını xahiş edib.

Ömər Əmirov

Publika.Az