Səfirliyin mətbuat xidmətindən Publika.Az-a bildirilib ki, Erik
Bosvell səfər zamanı ABŞ səfirliyinin əməkdaşları ilə görüş
keçirib, təhlükəsizlik strukturları və Azərbaycan Xarici İşlər
Nazirliyində görüşləri olub. Lakin səfər proqramı və görüşlərin
detalları barədə nə səfirlikdən, nə də Xarici İşlər Nazirliyindən
heç bir məlumat yayılmayıb. Həmçinin heç bir mətbuat konfransı
keçirilməyib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Mehdi Hüseynquliyev
bildirib ki, səfər haqda özləri mətbuata məlumat verməyiblər. O,
qeyd edib ki, görüşlər çərçivəsində gündəmdə olan bir sıra
məsələlər müzakirə olunub.
Diplomatik təhlükəsizlik bürosu ABŞ Dövlət Departamentinin
təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti birləşməsidir və
təhlükələrin analizi, kibertəhlükəsizlik, terrorçuluğa qarşı
mübarizə, insanların, əmlakın və informasiyanın mühafizəsi
məsələlərinə cavabdehlik daşıyır.
"İnterfaks" agentliyinin səfər ərəfəsində yaydığı məlumata görə isə
Erik Bosvell Bakıya səfəri zamanı İran xüsusi xidmət orqanlarının
sifarişi ilə ölkədəki ABŞ və İsrail vətəndaşlarına qarşı terror
aktları törətməyə hazırlaşan şəxslərin bir müddət əvvəl Azərbaycan
təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirilməsi məsələsinə
də toxunmalı idi.
Rüfət Əhmədzadə
Publika.Az