Bakıda çovğun olacaq, yollar buz bağlayacaq

7 Yanvar 2015 13:15 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında çovğun olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Çovgun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru -2 dərəcəyə yaxın şaxta olacaq.

Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz -2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq. Dağlarda gecə -8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə -18-23 dərəcə şaxta, gündüz -2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Soyuq hava şəraiti yanvarın 10-na kimi davam edəcək.