Bizi “Eurovision”-da Elnur Hüseynov təmsil edəcək? – İTV-dən AÇIQLAMA

20 Fevral 2015 11:17 (UTC+04:00)

“O səs Türkiyə”nin qalibi Elnur Hüseynovun Azərbaycanı bu il keçiriləcək “Eurovision” mahnı müsabiqəsində təmsil edəcəyi barədə məlumatlar yayılmaqdadır.

Hətta bu harədə Türkiyənin “Posta” qəzeti də məlumat yayıb.

Qəzet Elnurun tamaşaçılardan 1 milyondan çox səs toplayaraq, yarışmanın 4 illik tarixində rekord qırdığını xəbər verib. Mətbu orqan eyni zamanda müğənninin ölkəsindən şad xəbər aldığını yazıb. Xəbərdə deyilir ki, E. Hüseynov mayda keçiriləcək “Eurovision” mahnı yarışmasında Azərbaycanı təmsil edəcək.

İTV-dən Publika.az-a verilən məlumata görə, Elnurun “Eurovision”-a getməsi barədə yazılan xəbərlər təsdiqini tapmayıb: “Bu, həmin qəzetin versiyasıdır, rəsmi xəbər deyil”.

O ki qaldı “Eurovision”-a kimin qatılacağına, İTV-dən onu bildiriblər ki, yaxın günlərdə namizədin adı açıqlanacaq.

Qeyd edək ki, Elnur Hüseynov Samir Cavadzadə ilə birlikdə 2008-ci ildə “Day after day” mahnısı ilə Azərbaycanı təmsil edib və 8-ci olub.

Cəvahir