Bakıda zəncirvari qəza: 1 ölü, 9 yaralı

26 Fevral 2015 13:06 (UTC+04:00)

Bakıda zəncirvari yol qəzası olub, bir nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fevralın 25-də saat 19 radələrində Sabunçu qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olmuş 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub.