AMEA-nın tanınmış jurnalistinə vəzifə verildi

5 Mart 2015 12:14 (UTC+04:00)

AMEA-nın tanınmış jurnalisti, Azərbaycanın ilk veb-saytı olan science.gov.az-ın əməkdaşı Nərgiz Qəhrəmanovaya yeni vəzifə verilib.

Publika.az-ın məlumatına görə, o, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və Elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli iclasında qəbul edilib.

Qeyd edək ki, N.Qəhrəmanova Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinin məzunudur. Hazırda Ukraynanın Odessa Milli Politexnik Universitetində magistratura təhsili alır. 6 ildən çoxdur science.gov.az portalının istismarı ilə məşğuldur.

N.Qəhrəmanova bir çox respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmiş, jurnalistika sahəsində müxtəlif treninqlərdə iştirak edərək sertifikatlarla təltif olunub.