Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin işi məhkəməyə göndərildi

13 Mart 2015 14:06 (UTC+04:00)

Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, istintaq zamanı Vaqif Rəhimovun qeyd edilən universitetin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri və Ağdaş rayon sakinlərinin övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirmək adı altında etibardan sui-istifadə etmə və aldatma yolu ilə cəmi 65 min manat məbləğində özgə əmlakını ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Vətəndaşlara vurulmuş maddi ziyanın 34 min manatının istintaq müddətində ödətdirilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.