Cüdoçumuz qızıl medal qazanıb

29 Mart 2015 09:36 (UTC+04:00)

Azərbaycan cüdoçusu Rüstəm Orucov qızıl medal qazanıb.

Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının ikinci günündə - martın 28-də milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) Çin, İsveç, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərindən olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə yerli idmançıya qalib gələn cüdoçumuz beynəlxalq Qran-pri yarışlarının qızıl medalına sahib olub.

Turnirin ilk günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov gümüş medal qazanmışdı.

Qeyd edək ki, iki medalla Azərbaycan millisi ümumi komanda hesabında üçüncü pillədə qərarlaşıb. Özbəkistan millisi birinci, Hollandiya yığması isə ikinci yerdədir.

Turnirə martın 29-da yekun vurulacaq.