Gəncədəki müəmmalı ölümün TƏFƏRRÜATI: Maşındakılar oğrular imiş

4 May 2015 16:02 (UTC+04:00)

Bir neçə gün öncə Gəncədə baş vermiş ağır yol qəzası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Gəncə Şəhər Baş Polis İdarəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, mayın 3-də saat 6 radələrində şəhərin Totanlı küçəsində baş vermiş ölümlə nəticələnən avtomobil qəzasının təfərrüatı ortaya çıxıb.

Belə ki, hadisə yerindən qaçan sürücü Gəncə şəhər sakini Hakim Mehdiyev olub.

İstintaq zamanı o da məlum olub ki, avtomobildə olan 600 manat nağd pul , danışıq kartları, tütün məmulatı və məişət əşyaları Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanıb.

Göygöl rayon polis şöbəsinin müstəntiqi Füzuli Yusifov Publika.az-a bildirib ki, oğurluq hadisəsi mayın 3-də gecə saatlarında baş verib. Kəlbəcər rayonundan məcburi köçkün olan B.Abbasova məxsus mağazadan 2 min 500 manatlıq tütün məmulatları, 300 manatlıq danışıq kartları və 600 manatdan artıq nağd pul oğurlanıb.

Hazırda polis sürücünü və oğurluqda iştirak edən digər şəxsi axtarır.

Xatırladaq ki, “VAZ- 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Nəticədə, avtomobildə olan sərnişinlərdən biri, 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Məhəmməd Seyidəli oğlu Əzizov aldığı xəsarət nəticəsində hadisə yerindəcə ölüb. Qəza baş verdikdən sonra sürücü və avtomobildə olan digər sərnişinlər hadisə yerindən qaçıblar.

Sami Süleymanlı