Taekvondoçumuz dünyanın ən güclüsüdür

18 May 2015 12:56 (UTC+04:00)

Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında Azərbaycan taekvondoçusu Radik İsayev qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı ilk 3 görüşündə Banqladeş, Taypey və Fransa təmsilçilərini üstələyib.

Finala gedən yolda R.İsayev kubalı Rafael Kastilyonu 7:6 hesabı ilə yenib. Həlledici qarşılaşmada isə o, özbək Cəsur Baykuziyevi məğlubiyyətə uğradıb - 5:4. Bununla da R.İsayev Azərbaycan Taekvondo Federasiyasının 14 illik dünya çempionluğu həsrətinə son qoyub.

Daha öncə bu uğura 2001-ci ildə 68 kq çəki dərəcəsində Niyaməddin Paşayev imza atıb.

Qeyd edək ki, bu, Çelyabinskdəki dünya çempionatında Azərbaycan millisinin ilk medalı olub. Yarışa bu gün yekun vurulacaq.