Avropa Birliyi miqrantlara qarşı müharibəyə qərar verdi – FOTOLAR

19 May 2015 11:37 (UTC+04:00)

Avropa Birliyinin (AB) Xarici İşlər və Müdafiə nazirləri Aralıq dənizində miqrantlara qarşı birgə xüsusi əməliyyatların başladılmasına qərar verib.

Publika.az-ın məlumatına görə, bu barədə qərar qurumun sözügedən nazirlərinin iclasında verilib.

Mərkəzi qərargahı Romada yerləşəcək “EUNAVFOR Med” əməliyyatına İtaliyadan olan admiral Enrico Credendino rəhbərlik edəcək.

Avropa Birliyinin xarici məsələlər üzrə yüksək təmsilçisi Federica Mogherini əməliyyatın üç mərhələdə həyata keçiriləcəyini bəyan edib. O, Avropa Birliyi liderlərinin iyunda keçiriləcək sammitindən dərhal sonra əməliyyatların rəsmən başladılacağını istisna etməyib: “Əməliyyatlara hazırlıq işləri başladılıb, hazırda kəşfiyyat məlumatları toplanılır. Əməliyyata başlamaq üçün BMT Təhlükəsizlik Şurası tərəfindən qərar qəbul edilməlidir. Bundan əlavə, əməliyyatların keçirilməsi üçün Liviyadakı iki hökumətlə də danışıqlar aparılır”.

NATO-nun baş katibi Jens Stoltenberg isə bəyan edib ki, sözügedən əməliyyata NATO dəstək verməyə tam hazırdır.

Xatırladaq ki, sözügedən əməliyyatın ilk mərhələsi üçün 11,8 milyon avro vəsait ayrılıb. Bu ilin aprelində isə İtaliya, Fransa, İngiltərə, Almaniya və İspaniya hərbi gəmilərini sözügedən əməliyyata cəlb edəcəklərini bəyan ediblər.

Vasif Həsənli