NARAZILIĞA CAVAB: “Bizə ləkə yaxmağa çalışırlar” - MÜSAHİBƏ
Bizi izləyin

İdman

NARAZILIĞA CAVAB: “Bizə ləkə yaxmağa çalışırlar” - MÜSAHİBƏ

Fevralın 16-17-də kikboks üzrə Respublika çempionatı keçirildi. Yarışda güclü kikboksçular seçilərək milli komandaya qəbul olundu. Həmin idmançılar öz çəkilərinə uyğun il ərzində dünya və Avropa məkanında keçiriləcək yarışlarda Azərbaycanı təmsil etməyə haqq qazanırlar.

Son respublika çempionatı bir idmançının narazılığına səbəb oldu. Yarış zamanı 86 kq çəki dərəcəsində yarımfinal yarışında anlaşılmazlıq olduğu və idmançının qəsdən uduzdurulduğu məlumatı yayıldı. Dünya çempionu olan Fuad Zeynalov ilə Kamil Şərifovun qarşılaşması zamanı Kamil Şərifov qalib elan edilib. İdmançının özü də, tələbələri və dostları da sosial şəbəkədə hakimlərin qərarına etiraz ediblər.

Dünya və Avropa çempionu, Dünya kubokunun sahibi Fuad Zeynalov bu yarışla peşəkar rinqdən qalib kimi vidalaşmaq fikrində idi. F.Zeynalovun iradında haqlı olub-olmaması ilə bağlı federasiyanın da fikrini öyrənməyə çalışdıq. Suallarımızı AKF-nin vitse-prezidenti, keçmiş idmançı Güloğlan Cabbarova ünvanladıq.

Publika.az-a müsahibə verən federasiya rəsmisi həm qalmaqala aydınlıq gətirdi, həm də son respublika çempionatının səviyyəsindən danışdı.

- Doğrudan da Fuad Zeynalov haqlıdırmı? F.Zeynalov ona qarşı haqsızlıq olduğunu deyib.

- Maraqlıdır, Fuad müəllim nəyə əsasən uduzdurulduğunu deyir və kimi günahlandırır?

- Kimi günahlandırdığını deyə bilmərəm, amma haqsız qərar verildiyini deyib. Hətta bildirib ki, "Qərar haqlı olaraq həm mənim, həm də federasiya prezidentinin narazılığına səbəb oldu. O, hətta vitse-prezident Güloğlan Cabbarova iradını bildirərək mənim qalib olduğumu və finalda döyüşməli olduğumu dedi".

- Fuad müəllimin haqlı olduğuna gəldikdə isə, heç kəs öz ayranına turş deməz. Bu döyüş tam nəzarət altında keçirilib. Birinci raund Fuad Zeynalovun üstünlüyü ilə keçib, ikinci raund bərabər döyüş olub, üçüncü raundda isə Kamil Şərifovun həm xal hesabında böyük üstünlüyü olub, həm də aktiv döyüş göstərib. Buna görə hakimlərin də qərarı ilə 2:1 hesabı ilə döyüşü qazanan tərəf Kamil Şərifov olub. Hər ikisi öz idmançımızdır. Belə halların fedarasiyamızın tərkibində həll olmağının tərəfdarıyam. Fikrimcə, idmançı belə bir döyüşü dilinə gətirməməlidir. Bunun sübutu əlimizdə var, yarışın döyüşlərinin hamısı çəkilib. Fuad Zeynalovun istədiyi vaxt bu döyüşü federasiyamızdakı beynəlxalq hakimlərimizlə birlikdə izləyib analiz edə və yanıldığını sübut edə bilərik.

- Fuad bəyin dediyinə görə, verilən qərarla bağlı federasiyanın prezidenti Adil Əliyev də sizə iradını bildirib, onun qalib olduğunu deyib.

- Adil Əliyev federasiyanın prezidentidir və haqlı qərar verilməsi üçün hər zaman öz tapşırığını verib, biz də bunu icra etmişik. Adil müəllimin mənə iradına cavab olaraq orada oturan hakimlərimizin təcrubəli hakimlər olduğunu, döyüşü Kamil Şərifovun qazandığını bildirdim. Hətta sonuna kimi bu fikrimin arxasında olduğumu qeyd etdim. Əlbəttə ki, Adil Əliyevin verdiyi bütün qərar ve tapşırıqlar bizim üçün önəmlidir. Kamil Şərifov açıq-aşkar bu döyüşdə üstün texnika və baxımlı döyüş sərgilədi.

- Yəni Adil müəllim Fuad Zeynalov “haqlıdır, o üstün idi” kimi fikirlər səsləndirdi?

- Adil Əliyev hakimdir?! Orada olan bütün xallar 3 nəfər kənar hakim və baş hakim tərəfindən hesablanır. Əlimizdə sayğaclar var. Əlavə olaraq qeyd edim ki, mən özüm də beynəlxalq dərəcəli hakiməm və hakimlər də kifayət qədər təcrübəli idi. Döyüşün görüntüsünə baxanda ola bilər üstün görə bilərsiz, amma xalları hesablayan hakimlərdir...

- "Bu qərarı mənə "qardaş" deyən insanlar çıxardı. Bilmirəm, bu hərəkətin səbəbi nə idi: paxıllıqmı, qısqanclıqmı..." - Bu sözləri də Fuad bəy deyib. Söhbət nəyə paxıllıq və qısqanclıqdan gedir sizcə? Fuad bəy federasiyada kimin ona paxıllıq və qısqanclıq etdiyini vurğulayıb?

- Vallah mənim üçün hər ikisi də eynidir. Hər iki idmançıya eyni gözlə baxıram. Paxıllıq, qısqanclıq nədir, nəyə görədir bilmirəm... Amma Kamil Şərifovun finala çıxmasına görə mənə nə medal verdilər, nə də böyük vəifəyə təyin etdilər (gülür). Ümumiyyətlə, onu deyim ki, həm Fuad Zeynalov, həm Kamil Şərifov istər fiziki, istərsə də taktiki baxımdan çox aşağı döyüş sərgilədi. Belə döyüşlə WAKO Avropa çempionatında bir döyüş belə keçirə bilməzlər. Hələ çox çalışmalıdırlar. Gedib məşq etsinlər.

May ayında peşəkarlar arasında respublika çempionatında revanş matçına hazırlaşsınlar. Sizin vasitənizlə hər iki idmançını revanşa dəvət edirəm.

- Amma Fuad Zeynalov bu yarışdan sonra idmançı karyerasını bitirəcəyini bildirmişdi...

- Fuad müəllimin peşəkar karyerası bir neçə ildir bitib. Çünki bir neçə ildir ki, nə qatıldığı Avropa, dünya çempionatlarında, nə də Azərbaycan çempionatlarında finala gələ bilmir. Bu əlbəttə ki, onun üçün son yarış olmalı idi, o da oldu... Fuada gələcək karyerasında uğurlar.

- Fuad bəy iradını ictimailəşdirməmişdən əvvəl sizinlə bu barədə nəsə söhbət etməyə, danışmağa çalışdımı?

- Yox, sadəcə Adil müəllimin yanında iradını bildirdi, vəssalam... Belə çıxır, mən hər bir idmançıyla verilən hər qərardan sonra danışmaliyam ki, belə oldu, elə oldu?

- Təbii ki yox. Amma Fuad bəy açıqlamasında “mənə qardaş” deyənlər deyə vurğulayıb. Güman ki, sizinlə dost münasibəti olub.

- Fuad Zeynalov mənim qardaşım deyil. Kikboksda tanıdığım idmançıdır. Onunla mənim nə “qardaşlığım”? Və ona etdiyim yaxşılıqların əvəzini belə ödəyir.

- Verəcəyim son sualı federasiyanın vitse-prezidenti kimi yox, keçmiş idmançı olaraq cavablandırın. Sizcə kecirilən bu yarışın səviyyəsi necə idi?

- Deyərdim ki, bu il digər illərlə müqayisədə çox güclü və səviyyəli döyüşlər keçdi. Yarışın səviyyəsi çox üstün idi. İdmançıların taktiki-texniki üstünlüyü isə bu yarışa ayrıca bir zövq və gözəllik verdi. Hər il 400-420 nəfər yarışa qatılırdısa, bu il idmançıların sayı 600 nəfərdən çox idi. Bu da yarışın möhtəşəmliyini bir daha sübüt edir. Bu qədər gözəl döyüşləri və uğurları görməzlikdən gələn, çempionata kölgə salmağa çalışan insanlara isə sözüm yoxdur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm