Arenadakı dəyişiklik hər kəsi təəccübləndirdi – Dopinqə xüsusi nəzarət olacaq – FOTOLAR
Bizi izləyin

İdman

Arenadakı dəyişiklik hər kəsi təəccübləndirdi – Dopinqə xüsusi nəzarət olacaq – FOTOLAR

Bakının Tbilisi prospektində yerləşən və paytaxtın memarlıq incilərindən biri sayılan Heydər Əliyev adına İdman Arenası Bakı 2015 İlk Avropa Oyunlarının iştirakçılarını qəbul etməyə hazırlaşır. Hətta deyə bilərik ki, 7800 tamaşaçı tutumuna malik Heydər Əliyev adına İdman Sarayı Avropa Oyunlarını qəbul etməyə tam hazırdır.

Test yarışlarının da keçirildiyi arenada yeniliklər hər kəsi təəccübləndirib. Müasir standartlara cavab verən arenada yenidənqurma və əsaslı təmir işləri görülüb. Bu işləri yerli “A+A” şirkətinin mütəxəssisləri icra edib. 1977-ci ildə inşa edilən Heydər Əliyev adına İdman Sarayında Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar görülən rekonstruksiya işləri fevralda tamamlanıb. Ümumilikdə altımərtəbəli idman arenasında işçilərin gözə dəyməməsi mühüm işlərin artıq yekunlaşmasını göstərir.

Gözlənilməz dəyişiklik...

Avropa Oyunları ilə əlaqədar aparılan təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Tac şəkilli olan fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb. Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Doğrudan da, belə əsaslı dəyişikliklərin baş verəcəyini, yəqin ki, heç kim gözləmirdi...

Demək olar ki, əvvəlki binadan əsər-əlamət qalmayıb. Oturacaqlar tamamilə yenilənib, texniki köməkçi və şərhçi otaqları yaradılıb və arenanın hər iki tərəfində nəhəng monitorlar quraşdırılıb. Fəxri qonaqlar üçün VİP otaqlar da tam hazırdır.

“Cənab Prezident bu idman kompleksini bəyəndi”

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin obyektin idarə olunması üzrə mütəxəssisi İlkin Babayev yenidənqurma işləri gedən möhtəşəm arena ilə bağlı məlumatlar verdi:

“Apreldə güləş üzrə test yarışları oldu. 13 ölkədən idmançılar öz güclərini sınadılar. Obyekt Oyunların keçirilməsi üçün hazırdır, artıq açılış da olub və arena Əməliyyat Komitəsinə təhvil verilib. Cənab Prezident İlham Əliyev şəxsən özü obyektlə tanış olub. Bildiyimə görə obyekti bəyənib. 3 idman növü - güləş, sambo və cüdo üzrə yarışlar məhz bu idman kompleksində keçiriləcək.

Heydər Əliyev adına İdman Arenasının ümumi tamaşaçı tutumu 7700 nəfərlikdir. Oyunlar zamanı güləş və sambo yarışlarını 5, cüdonu isə 4 min nəfər izləyəcək. Güləş üzrə oyunlar iyunun 13-dən 18-dək, sambo isə gələn ayın 22-də olacaq. Cüdoçuların yarışı isə iyunun 25-dən 28-dək davam edəcək.

Arenamıza gələnlər təəccüblənir. Həm idmançılar, həm hakim və məşqçilər test yarışlarının səviyyəsindən çox razı qaldılar. Deyə bilərik ki, xarici avadanlıqlarla təchiz olunan Heydər Əliyev adına İdman Arenası Avropa standartlarına tam uyğunlaşdırılıb”.

İsinmə zalı, soyunub-geyinmə otaqları və saunalar

İlkin Babayev qeyd etdi ki, cüdo və sambo üçün quraşdırılmış podium eyni olacaq, “mat” isə dəyişdiriləcək, güləş üçün isə podiumun özü də dəyişiləcək:

“Bunun üçün 1 gün vaxt lazımdır. Güləş üçün konstruksiya 8 bucaq olduğuna görə, sökülüb yenisi yığılacaq. Dəmir konstruksiyanın üstünə taxtalar yığılıb və döşək taxılıb. ”Matlar" A, B və C adlanır. Gözləmə məntəqəsində və isinmə otağında idmançılar hansı matda çıxış edəcəyini əvvəlcədən biləcək.

Sahəsi 1500 kvadratmetr olan isinmə zalının yanında isə soyunub-geyinmə otaqları və saunalar inşa olunub. Zalda xüsusi masaj stolları quraşdırılıb. İsinmə zalında 4, yarışların keçiriləcəyi əsas zalda isə 3 döşək yerləşdirilib. Yarışların başlanmasından 2 saat əvvəl idmançılar obyektə gələcəklər. Hər yarışdan əvvəl idmançılar çəkilərini dəyişmək üçün saunalardan istifadə edəcəklər. Burada televizior da var. Yarışlar zamanı radio vasitəsilə növbəti çıxış edəcək iki idmançının adı çağırılacaq. Arenanın yanında daha bir gözləmə yeri var. İdmançı soyumasın deyə son məşqini edib sonra tatami üzərinə qalxacaq”.

Müqavilə ilə çalışanlar və könüllülərlə birgə 1878 nəfər

Arenada ilk dəfə olaraq dopinq nəzarət otağı da fəaliyyət göstərəcək. Bundan əlavə püşkatma, tibb məntəqələri, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Burada medianın fəaliyyəti üçün xüsusi oturacaqlar quraşdırılıb. İdman obyekti Wi-Fi ilə təmin olunub.

İ.Babayev söylədi ki, test yarışı zamanı CNN-dən qonaqlar gəlib: “Jurnalistlər rahat işlədilər. Sürətli internet var. Yarışlar zamanı ümumilikdə mühafizə xidmətinin əməkdaşları, Avropa Oyunları Əməliyyat Komitəsinin işçiləri, müqavilə ilə çalışanlar və könüllülərlə birgə 1878 nəfər çalışacaq. Onlar 2 növbədə işləyəcək”.

Tamaşaçılar üçün 8 qida məntəqəsi

İdmançıların qidalanması üçün işıqlı, eləcə də istilik sistemi və hər cür avadanlıqla təmin olunmuş yeməkxana tam hazırdır. Tamaşaçılar üçün 8 qida məntəqəsi xidmət göstərəcək, idman həvəskarlarına su, şirniyyat və s. təklif olunacaq.

Arenadakı yarışlar zamanı idmançıların qidasına da önəm veriləcək. Ümumi sahəsi 700 kvadrat metr olan yeməkxana sonradan iki yerə bölünüb. Texniki heyətin iyunun 12-də keçirəcəyi böyük görüş üçün otaq lazım olub. Bu səbəbdən də salon iki yerə ayrılıb.

İ.Babayev onu da əlavə etdi ki, texniki heyət iyunun 12-də iclasını saat 16.00-da qurtaracaq, 17.00-da isə idmançılar bu idman kompleksinə çəkilərini yoxlamağa gələcəklər. Bir sözlə, idmançılarla texniki heyət bir-biri ilə üzləşməyəcəklər.

Aygün İlqarqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm