Hollivud ulduzunun əvəzinə avtoqraf verən diplomat
Bizi izləyin

Bizim tərcümə

Hollivud ulduzunun əvəzinə avtoqraf verən diplomat

Hesab edirəm ki, narkotiklər çox insan öldürüb. Lakin dövlət siyasəti daha çox insan məhv edib...”

Kofi Annan

Bu gün Nobel sülh mükafatının laureatı, BMT-nin 7-ci baş katibi, dünyanın ən nüfuzlu təşkilatında ilk qaradərili insan Koffi Annanın doğum günüdür.

Hazırda 77 yaşını qeyd edən Kofi Annanın BMT-dəki iş fəaliyyət illəri ABŞ-ın İraq və Əfqanıstanda apardığı müharibə və QİÇS-lə mübarizə kampaniyasının ən qızğın çağlarına təsadüf edir. Bəziləri elə hesab edir ki, onun fəaliyyəti müddətində BMT daha da möhkəmləndi, digərləri isə elə hesab edir ki, əksinə olaraq, BMT öz nüfuzunu itirmiş oldu.

Pubilka.az dünyanın ən tanınmış qaradərili insanının ad günü münasibəti ilə onun bioqrafiyasından insanı düşündürəcək 10 əsas fakt və sitatlarını toplayıb.

Kofi Annan Qızıl Sahil (indiki Qana) Britaniya koloniyasında Aşanti əyalətinin qubernatorunun ailəsində dünyaya gəlib. Afrikada belə insanları “ağ-qara” deyərək çağırardılar: dəri rənginə baxmayaraq, belə ailədə göz açan insanlar, adətən, Avropasayağı həyat tərzi keçirirdi. Onlar keyfiyyətli təhsil alıb regionun siyasi elitasını təşkil edirdilər.

Kofi Annan iki Avropa dilində danışır: ingilis və fransız. O, həmçinin bir neçə Afrika dillərini də bilir.

Kofi Annan 3 ayrı-ayrı materikdə yerləşən 4 universitetdə təhsil alıb. Annan Qananın Elm və Texnologiya Universitetinə qəbul olub. Sonra isə o, ABŞ-ın Makalester kollecində iqtisadiyyat üzrə bakalavr dərəcəsini alıb. Annan təhsilini davam etdirərək iqtisadiyyat dərslərini Cenevrə Universitetində (İsveçrə) davam etdirib. O, magistr dərəcəsini Massaçusets Texnologiya İnstitutunda alıb.

Annan diplomatik fəaliyyətinə hələ tələbə ikən başlayıb: o, 1962-ci ildə İsveçrədə təhsil alanda Beynəlxalq Səhiyyə Təşkilatına daxil olub.

Kofi Annan iki dəfə evli olub. Nigeriyadan olan birinci arvadı ilə 1981-ci ildə boşanıb. Sonra isə Annan isveçli hakim və hüquqşünasla ailə həyatı qurub.

Kofi Annan 1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının baş katiblik postuna sahib olan ilk qaradərili insan oldu. O, BMT rəhbərliyi postuna yiyələnə qədər təşkilatda xırda işlərlə məşğul olub. İş ondadır ki, Annanın sələfi, BMT-nin 6-cı baş katibi misirli Butro Butros-Qali ABŞ-la ədavət aparırdı. 1995-ci ildə o, NATO aviasiyasının Serbiya ərazisində yerləşən obyektlərə bomba zərbələri endirməyin tamamilə əleyhinə olduğunu bəyan etdi. Ona görə də ABŞ Qalinin ikinci dəfə baş katib olması üçün namizədliyinə veto qoydu. O zamankı prezident Bill Klinton baş katib Qali olacağı təqdirdə BMT-nin büdcəsinə 1,45 milyon dollar ianənin verilməsi üçün (BMT üzv dövlətlərdən gəlir əldə edir. Əsas pul ayıran ölkə isə ABŞ-dır ) ABŞ konqresini yola gətirə bilməyəcəyini dedi. Bir həftə aparılan müzakirələrdən sonra, Təhlükəsizlik Şurası Kofi Annanı baş katib postuna gətirdi.

Kofi Annanın nitqindən: “Hazırkı vəziyyətdə dövlətlərarası cavabdehlik qeyri-bərabər paylaşılıb. Kasıb və zəif dövlətləri məsuliyyətə cəlb etmək daha asandır, lakin onlar xarici yardıma ehtiyac duyur. Amma başqa dövlətlərə təsir edə bilən iri və güclü dövlətlər təkcə öz xalqı qarşısında məsuliyyətli olur”.

Kofi Annan BMT-də islahatlar aparmağa çalışıb. Yeni baş katib beynəlxalq təşkilatı ölçüsünə görə kiçik və təsirli etməyə çalışırdı. O, təşkilatın Nyu-Yorkdakı qərargahında 1000-ə yaxın insanı ixtisar etmək istəyirdi. Lakin təşkilat işçilərinin müqaviməti onu fikrindən döndərdi.

Annanın nitqindən: “Elə hesab edirəm ki, biz nəinki müasir insanlar, hətta gələcək nəsillər qarşısında da məsuliyyət daşıyırıq. Təbii resurslar bizə lazım olduğu kimi, onlara da lazım gələcək”.

2001-ci ildə Kofi Annan və BMT Nobelin sülh mükafatını qazandı.

Annanın nitqi: “Digərləri üzərində üstünlüyə malik olan heç bir dövlət öz təhlükəsizliyini qoruya bilmir. Bizim təhlükəsizliyimiz bir-birimizdən asılıdır. Çünki qarışılıqlı təhlükəsizlik sayəsində biz etibarlı əllərdə ola bilərik”.

2004-cü il Kofi Annan üçün qalmaqal ili oldu. Əvvəlcə, Mİ-6 Britaniya daxili kəşfiyyatının baş katibin kabinetində kamera quraşdırdığı və onun danışıqlarını dinləməsi məlum oldu. Sonradan isə ikinci başqa bir qalmaqal ortaya çıxdı. Demə, Annaın oğlu Koco “Ərzaq müqabilində neft” İraq proqramının gerçəkləşməsi üçün pullara yiyələnməsi ortaya çıxdı. Baş katib bu hadisələrdən bixəbər olduğunu dedi və istefaya getməyəcəyini bəyan etdi.

Annanın nitqindən: “İstefaya getmək kifayət qədər asandır. Daha çətini isə postunda qalıb qoyduğun məqsədə doğru aparan işi davam etdirməkdir”.

Kofi Annan baş katib vəzifəsindən getdikdən sonra belə, o, BMT çərçivəsində diplomatik missiyasını davam etdirdi. O, 2012-ci ildə BMT-nin Suriyada ərəb dövlətləri Liqasının xüsusi səfiri seçildi. O, hərbi münaqişənin dayandırılması, xəsarət çəkənlərə humanitar yardım, dövlətin siyasi güc strukturları arasında dialoqun keçirilməsi kimi məsələləri ortaya qoydu. Onun irəli sürdüyü məsələlər BMT-in Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilsə də, o, silahlı münaqişəni dayandıra bilmədi.

Annanın nitqindən: “Bir dəfə rus səfiri mənə dedi: “Siz nədən şikayət edirsiniz? Sizdə Allahdan çox zaman var”. Mən isə Allahda olan bir üstünlüyü izah edərək dedim: Allah Baş Katib, Təhülkəsizlik Şurası və komitələr olmadan təklikdə işləyir”.

Koffi Annan baş katiblik postundan getdikdən sonra maraqlı bir hadisə ilə üzləşib. Belə ki, o, yaşamaq üçün İtaliya kəndlərinin birini seçib. Təsadüfən isə yerli əhali dünyanın ən nüfuzlu siyasətçisini Hollivud ulduzu Morqan Frimanla səhv salıblar. Annan mağazaların birinə daxil olarkən insan kütləsi onu aktyor bilərək üstünə hücum çəkib. İnsan kütləsindən biri ona yaxınlaşaraq deyib: “Salam, Morqan Friman! Sizdən avtoqraf almaq olar?” Kofi Annan isə özünü o yerə qoymayaraq Hollivudsayağı gülümsəyərək şəkilin arxasına “Morqan Friman” sözlərini yazıb və gözdən itib.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm