Milyonçunun qızlar məktəbində oxuduğu üzə çıxdı - FOTOLAR
Bizi izləyin

Brendlərin tarixi

Milyonçunun qızlar məktəbində oxuduğu üzə çıxdı - FOTOLAR

Modellərinin ilk təqdimatına cəmi 50 nəfər gəlib. Həmin vaxtlar geyimlərini 5 dollara satan modelyer hazırda ən bahalı brendin yaradıcısıdır. O, nə fransız, nə də italyandır. Sadəcə qıyıq gözlü bir yapondur. Bizim ölkədə onun daha çox ətirləri məşhurdur. Söbhət “Kenzo” brendinin yaradıcısı Takado Kenzodan gedir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Kenzo” brendinin necə yarandığını təqdim edir.

Evin son beşiyi

Takado Kenzo 1939-cu ilin 27 fevralında Yaponiyanın kasıb kəndlərindən birində anadan olub. O, çay evi sahiblərinin 5-ci övladı idi. Bu isə ailənin elə də kasıb olmaması deməkdir. Çünki çay yaponların qida rasionunda əhəmiyyətli yer tutur.

Yazılanlara inansaq, Kenzonun modaya marağı uşaq yaşlarından yaranıb. Yaponiyanın moda jurnalı “Sunflower”də gördüyü modellər, paltarlar onu elə valeh edirmiş ki, surətlərini çıxarırmış. Həmin vaxtdan da sevimli məşğuliyyəti paltar eskizləri çəkmək olur. Kağız gəlinciklər üçün gözəl geyimlər düşünür, onları tez bir zamanda tikirdi.

7 dollarlıq iş

Məktəbi bitirdikdən sonra “nə etməli” sualı qarşısında qalan Kenzonun seçimi, arzusu təbii ki moda olur. Buna görə də valideynlərindən onu modelyer məktəbinə göndərmələrini xahiş edir. Bacılarından biri də elə məktəblərdən birində oxuyurdu. Lakin Takado ailəsi Kenzonun istəyini geri çevirir. O, Kobe Gaibo universitetinə daxil olur. Burada ingilis ədəbiyyatı üzrə oxumağa başlayır. Bir semestr oxuduqdan sonra gələcəyin modelyeri anlayır ki, sevmədiyi işlə məşğul ola bilmir. Təhsilini atır və Tokiyoya yola düşür. Burada özü-özünü təmin etməli olduğundan işləməyə başlayır. Məşhur brendin yaradıcısının ilk işi malyarın köməkçisi olur. İşə görə 7 dollar almağa başlayır.

Qızlar məktəbində oxuyur

Tokioda o özünün arzusunu reallaşdırır. Məşhur yapon məktəbi olan Bunka Gakuendə modelyerliyin sirlərini öyrənməyə başlayır. Yeri gəlmişkən, həmin vaxt Kenzo Gakuendə təhsil alan yeganə əks cins idi. Ümumiyyətlə, Bunka Gakuena ancaq qızları qəbul edirdilər. Həmin günləri xatırlayan Kenzo belə deyir: “Əgər indi başlasaydım Tokioda qalardım”.

Dizayn məktəbini uğurla bitirdikdən sonra “Sanai” geyim dükanları setində modelyer, eləcə də jurnallardan birində maniken işləməyə başlayır. Bu zaman onun yeganə arzusu Parisi görmək olur. Əslində şəhər haqqında müəllimi Koikedən eşitmişdi. Çox keçmir ki, uğur üzünə gülür. Yaşadığı evə görə, 350 min yen alır. 1965-ci ildə Parisə yola düşür. Fransızca bilməyən Kenzonun həmin zaman nə pulu, nə də işi olur.

“Dünyanın heç bir yerində özümü Parisdəki qədər yaxşı hiss etmirəm”

Paris Kenzo üçün açıq kitab idi: “Dünyanın heç bir yerində özümü Parisdəki qədər yaxşı hiss etmirəm. Burada hər bir daş, hər bir keçid belə yaradıcılığımda mənə kömək edir. Hərçənd ki, qəlbimin dərinliyində mən yaponam”.

1965-ci ildə Monmartredə ev kirayələyir. Kardenin, Diorun, Şanelin bütün təqdimatlarına gedir. Anlayır ki, ənənəvi yoldan getsə heç nəyə nail olmayacaq. Və məşhurlaşan adlarla müqayisə olunmaq üçün illər lazımdır. Parisin dadmadığı yeni bir şeyi etməli olduğunu başa düşür. Çox gözləməli olmur. Kenzo ilk əvvəl 30 geyim modeli hazırlayır. Onlardan beşini gülünc məbləğə 5 dollara fransız modelyeri Lui Feronun xanımına satır. Bir neçə böyük mağazanın sifarişlərini yerinə yetirməklə fransız parçaları və rəngləri ilə işləməyi öyrənməyə başlayır. Qazandığı hər qəpiyi isə banka qoyaraq öz işini qurmaq istiqamətində planlar cızır. Parisə köçdükdən cəmi 5 il sonra Kenzo kollecdəki tələbə yoldaşı Atsuko Kondo ilə Jungle Jap adlı butik açır. 1970-ci ildə ilk kolleksiyasını təqdim edir. Gənclər üçün hesablanan dəb ona uğur gətirir. Belə ki, onun modelləri rənglərinə, təsvirlərinə görə fərqlənirdi. Dama-dama, güllü, xətli parçalardan tikilən geyimlər insanlara həyat eşqi verirdi. Bildirək ki, Kenzo paltarları əsasən Saint Pierre bazarından aldığı yapon pambıq parçalardan hazırlayırdı:

“Bacımın gəlincikləri üçün paltar tikəndə Qərbin iri gözlü qızlarını necə geyindirəcəyimi xəyal edərdim”.

1971-ci ildə o özünün yeni kolleksiyasını Nyu York və Yaponiyada təqdim edir. 1970-80-ci ildə modanın bütün dünyada parladığı dövrdə Kenzonun kolleksiyaları rəngarəngliyi ilə uğur qazanır. 1983-cü ildə moldelyer kişi kolleksiyasını təqdim edir. 1988-ci ildə isə məşhur ətirini buraxır: “Ekzotika - bu mənim özüməm”.

Səyahət etməyi sevən Kenzo dünyanın hər yerində susur, sadəcə qulaq asır: “Dünyanın hər yerində milli geyimlərin oxşarlığı çoxdur. Onları asanlıqla kombinə etmək mümkündür.

“Kenzo” LVMH-nın tərkibində

1993-cü ildə “Kenzo” brendi fransız şirkəti LVMH tərəfindən əldə edilir. Bu arada LVMH 1999-cu ildə “Gucci Group”u da 6,15 milyard dollara almaq istəyir. Lakin sövdələşmə baş tutmur. Hazırda şirkət Louis Vuitton, Givenchy, Guerlain, Chaumet, Moët & Chandon, Hennessy və sair brendlərin istehsalçısıdır. Xatırladaq ki, LVMH 1987-ci ildə bazarın iki aparıcısı Moët Hennessy və Louis Vuitton tərəfindən təsis edilib. Şirkətin sahibi Berbar Arnodur. Şirkətin Paris fond birjasındakı kapitalizasiyası 2009-cu ildə 42, 43 milyard avro təşkil edib. 2010-cu ildə şirkətin döviyyəsi 20,320 milyard dollar, xalis gəliri 3,319 milyard dollar olub.

Göründüyü kimi LVMH-ya Parisin ən bahalı brendləri daxildir. Əslində “Kenzo”nun şirkətin tərkibində olması Takadaya sərf edir. Çünki kommersiya problemlərini düşünmədən rahatlıqla yaradıcılıqla məşğul ola bilir. Şirkət onu stabil, normal gəlirlə təmin edir.

Əsl yapon

Kenzo əsl yapondur. Belə ki, modelyer ailəsinə və adət-ənənələrə sadiqdir. Parisin mərkəzində Bastiliya meydanında atasının çay evi kimi çay evi dizayn etdirib, yapon bağçası saldırıb.

Modelyer 1999-cu ildə o, “Time for Peace Award”ın fəxri laureatı olsa da, elə həmin il dünya modasını tərk edərək yaradıcılıqla məşğul olacağını elan edir. Vida kimi “Pret a porte” kolleksiyasını təqdim edir. 3 il sonra - 2002-ci ildə Kenzo yenidən dünya modasına qayıdır. Lakin bu dəfə dizanyer geyim deyil, dəbli ev əşyaları, mebel istehsal etməyə başlayır. Bunun üçün özünün “GOKAN КOBO” brendini yaradır.

Kenzo niye evlənmir?

Modelyer digər moda dünyasının nəhəngləri kimi evli olmayıb. Əslində yapon olması onun şəxsi həyatı ilə bağlı sualların cavablarını çətinləşdirir. Amma bir sıra məşhur jurnallar onun şəxsi həyatını araşdırmaqdan yorulmurlar. Hətta Kenzonun homoseksual olub-olmaması ilə bağlı sorğu da keçirilib, 72 faiz buna yox deyib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm