Səddam Hüseyni məhvə sürükləyən 3 strateji səhvi
Bizi izləyin

Brendlərin tarixi

Səddam Hüseyni məhvə sürükləyən 3 strateji səhvi

"Buş doktrinası"nın mahiyyətindən irəli gələn və labüdlüyü şübhə doğurmayan İraq əleyhinə müharibə "İraqın azadlığı" şərti adı altında 2003-cü il martın 20-də Bağdad vaxtı ilə 5:29 dəqiqədə başladı. Prezident C.Buşun S.Hüseynə ünvanladığı ultimatumun müddətinin başa çatmasından 1,5 saat sonra ABŞ-ın rəhbərliyi altında anti-İraq koalisiyası qüvvələri Bağdada ilk zərbəni endirdi. Yeni Körfəz müharibəsi başlandı. Martın 20-də ABŞ-ın İraq avantürasının 9 ili tamam olur. Geriyə dönüb baxdıqda Səddam Hüseynin buraxdığı çoxsaylı səhvlər səbəbindən onun məğlub olmasının labüdlüyü qənaətinə gəlmək olur. 3 strateji səhvi isə Səddamı məhvə sürüklədi. Onları araşdırmağa çalışaq.


2003-cü ilin aprel ayında Bağdad təslim olduqdan sonra ABŞ silahlı qüvvələri İraqın bütün arxivlərini, o cümlədən məxfi arxivlərini nəzarətə götürdü. Başqa sözlə, ABŞ hərbi komandanlığı S.Hüseyn rejiminin "daxili laboratoriyası"na girmək üçün unikal şans əldə etmiş oldu. Rəsmi Vaşinqton həmin sənədlərin öyrənilməsi məqsədilə xüsusi komissiya yaratdı. Komissiyanın araşdırmalarının nəticələri ABŞ-ın nüfuzlu "Foreign Affairs" jurnalının 2003-cü il may-iyun nömrəsində dərc olundu. Həmin nəticələrə görə, S.Hüseyn ABŞ-la qarşıdurma prosesində 3 olduqca ciddi səhvə yol vermişdir. Bəs onlar hansılardır?

Birincisi, diktator ilk növbədə diplomatik fəaliyyət sferasında fundamental səhvə imza atmışdır. İraqın sabiq vitse-prezidenti Tarik Əzizin verdiyi məlumata görə, Rusiya və Fransaya İraqın neft sənayesinə investisiya qoyuluşunda üstün şəraiti təmin etdiyi üçün S.Hüseyn tam əmin idi ki, BMT TŞ-nın bu iki mühüm dövləti ABŞ-ın Bağdad rejiminə qarşı hərbi qüvvə tətbiq etməsinə imkan verməyəcəkdir. Hətta onların vetosu da ABŞ-ın antiiraq siyasətini buxovlaya bilməsə, bu halda Rusiya və Fransa öz merkantil maraqlarından çıxış edərək rəsmi Vaşinqtonun hərbi müdaxiləsi əleyhinə beynəlxalq informasiya müharibəsinə başlayacaqlar və nəticədə bu aqressiyaya son qoyulacaqdır.

Sənədlərdən məlum olur ki, S.Hüseyn o səviyyədə Rusiya və Fransanın İraqı müdafiə edəcəyinə əmin idi ki, hətta 2003-cü il martın 30-da, yəni müharibənin başlanmasından 10 gün sonra öz xarici işlər nazirinə tapşırmışdır ki, rəsmi Moskva və Parisə izah etsin ki, onlar heç bir halda atəşkəslə bağlı təşəbbüsləri müdafiə etməsinlər. İraq yalnız heç bir ilkin şərt irəli sürülmədən aqressorun geri çəkilməsinə razılıq verə bilər. Halbuki həmin vaxt ABŞ tankları artıq Bağdadın 100 km-də idilər.

S.Hüseynin bu addımı haradasa İosif Stalinin Almaniyanın Sovet İttifaqına müdaxiləsinin ilk günü nümayiş etdirdiyi davranışı xatırladır. Həmin vaxt İ.Stalin Yaponiyaya müraciət etmişdi ki, Sovet İttifaqı və Almaniya arasında qarşıdurmanı aradan qaldırmaq üçün vasitəçilik etsin. Əvəzində isə aralarında olan istənilən iqtisadi və siyasi yönümlü ziddiyyəti aradan qaldırmağa hazır olduğunu bildirmişdi.

İkincisi, S.Hüseyn informasiya cəbhəsində çox ciddi səhvə yol vermişdir. O, heç şübhəsiz, öz təbliğat və təşviqat maşınına inanırdı. İraqın informasiya naziri Məhəmməd Səid əl-Səhaf (ABŞ-da Bağdad Bob-ı ləqəbi ilə tanınmışdı) ölkə rəhbərliyini və əhalini hər vəchlə inandırırdı ki, düşmən xaotik şəkildə geri çəkilməkdədir. Halbuki o, bu xəbərləri yaydığı vaxt ABŞ qoşunları artıq Bağdadda idi. Elə həmin vaxtda da haqqında bəhs olunan arxiv sənədləri amerikalıların əlinə keçmişdi.

Nəhayət, S.Hüseynin növbəti siyasi səhvi onun kütləvi qırğın silahları (KQS) ilə bağlı tutduğu mövqe ilə izah olunur. O, bir auditoriyaya ölkəsinin KQS-ya malik olduğunu deyirdisə, digər auditoriya ilə ünsiyyətində bunun əksini söyləyirdi. Məsələn, İsrail hər zaman əmin olmalı idi ki, S.Hüseyn "ərəb bombası"nı istənilən vaxt bu ölkəyə qarşı istifadə edib, onu yer üzündən silə bilər, eyni zamanda Qərb bilməli idi ki, İraqın heç bir zaman nüvə silahı olmayıbdır və indi də yoxdur. Nəticədə nəinki xarici kəşfiyyat orqanlarının, eləcə də onun yaxın əhatəsinin İraqın belə bir silaha malik olması və ya olmaması haqqında səhih və dürüst məlumatı yox idi.

Bütün bu sadalananlar S. Hüseynin və onun qurduğu rejimin müharibə ərəfəsində və dövründə buraxdığı çoxsaylı səhvlərdən ən çox diqqəti çəkənlərdir. Heç şübhəsiz, müharibə dövründə istənilən diktatorun həm güclü, həm də zəif tərəfləri üzə çıxır. Həmin tərəflər arasındakı nisbətdən asılı olaraq onların daşıyıcısının sonrakı taleyi müəyyənləşir. O ya düşdüyü situasiyanın qalibinə, ya da miskin məğlubuna çevrilir. S. Hüseynin məlum davranışı onun üçün ikinci variantın üzə çıxmasını labüd etdi.


Elman Nəsirov
tarix üzrə fəlsəfə doktoru, dosent, politoloq

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm